25.05.2018

“Birincilərin birincisi” - Azərbaycanın gənc istedadlarını tanıyaq

Məlumdur ki, ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi  və rəğbətləndirilməsində müxtəlif  fənn olimpiadalarının, bilik  yarışlarının  mühüm əhəmiyyəti var. Təhsil  Nazirliyi tərəfindən  istedadı və yaradıcı təfəkkürü ilə fərqlənən şagirdləri aşkar etmək üçün keçirilən fənn olimpiadaları,  bir qayda olaraq,  ümumtəhsil məktəblərinin  IX-XI sinif şagirdləri cəlb olunmaqla Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə təşkil edilir.  Builki yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. 33 minə yaxın şagirdin iştirak etdiyi builki Respublika fənn olimpiadalarında 298 nəfər qalib elan olunub. Fənn olimpiadalarının nəticələrinə əsasən, qızıl medala layiq görülmüş 8 məktəbli həm də “Birincilərin birincisi” adını qazanıb.   Şagirdlərimizdən Ramil Babazadə kimya, Emil Qasımov  riyaziyyat,  Zahir Məmmədzadə coğrafiya,   Vüqar Rufulla  tarix,  Günay Quliyeva Azərbaycan dili və ədəbiyyat,  Günel Mahmudova   biologiya,   Məhəmməd Yusifov fizika,  Ziya Muxtarov informatika fənləri üzrə “Birincilərin birincisi” nominasiyasında qalib olublar. Onlarla daha yaxından tanış olaq.

 

“Fənn olimpiadaları obyektiv və maraqlı keçdi”

 

Ramil Babazadə,

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərin XI sinif şagirdi

 

2001-ci il mayın 6-da Şəki şəhərində anadan olub. 2007-ci ildə Bakıdakı 74 nömrəli tam orta məktəbin I sinfinə qəbul olunub, VI sinifdə imtahan verərək “İstək” liseyində oxumaq şansı qazanıb. IX sinifdə oxuyarkən 50-ci Beynəlxalq Mendeleyev Olimpiadasında iştirakçı diplomu, Respublika fənn olimpiadalarında gümüş,  Gürcüstanda keçirilən 48-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc,  X sinifdə İndoneziyanın Denpasar şəhərində keçirilən Yeniyetmələrin 13-cü Beynəlxalq Təbiət Elmləri Olimpiadasında bürünc, 2017-ci ilin mart ayında keçirilən 51-ci Beynəlxalq Mendeleyev Olimpiadasında bürünc medallara sahib olub. 2017-ci  ildə  Moskva şəhərində keçirilən Beynəlxalq Meqapolis olimpiadasında, eləcə də  Tailandda  təşkil olunan  49-cu Beynəlxalq Kimya Olimpiadasında qızıl medallara  layiq görülüb.

- Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Respublika fənn olimpiadaları hər il olduğu kimi,  bu il də obyektiv və maraqlı keçdi.  3 turdan ibarət olan fənn olimpiadasına 8 fənn üzrə ölkəmizin müxtəlif regionlarından şagirdlər qatılmışdı. Artıq 3-cü il idi ki, mən də bu olimpiadada böyük həvəslə iştirak edirdim. 2016-cı ildə gümüş, 2017-ci ildə qızıl medal qazanaraq “Birincilər birincisi” nominasiyasına layiq görülmüşdüm. Bu il də bu estafeti qoruyub saxlamağı qarşıma məqsəd qoydum və hədəfimə nail olaraq 2-ci dəfə bu nominasiyaya layiq görüldüm.  Qaliblərin mükafatlandırılması mərasimi mayın 15-də Təhsil Nazirliyi tərəfindən çox yüksək səviyyədə təşkil olundu.  Nəticə göstərən hər bir şagirdin əziyyəti diplom və qiymətli mükafatlarla dəyərləndirildi. Bu cür yarışlar şagirdlərin müxtəlif sahələri daha dərindən mənimsəməsinə və məktəblilər arasında sağlam rəqabət mühitinin yaranmasına səbəb olur.

11-ci sinif olaraq bu il Respublika fənn olimpiadaları karyerama 1 gümüş və 2 “Birincilər birincisi” nominasiyası ilə son qoydum. Qarşıda Çexiya və Slovakiya respublikalarının birgə təşkilatçılığı ilə keçiriləcək 50-ci Beynəlxalq Kimya Olimpiadası gözlənilir. Hədəfim keçən il olduğu kimi bu il də Azərbaycan bayrağını digər qızıl medal alan ölkələr sırasında - ən yüksək zirvədə dalğalandırmaqdır.


 

“Bu, əldə etdiyim üçüncü qızıl medal oldu”

 

Emil Qasımov,

Akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərin XI sinif şagirdi

 

19 dekabr 2000-ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Elçin Şəmiyev adına 149 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub. Hazırda Nərimanov “İstək”  liseyinin XI  sinif şagirdidir.   Bu  il Cənubi Koreyanın KAIST (Korea Advanced Institute of Science and Technology) Universitetinə tam təqaüdlə qəbul olunub.

2015-ci ildə riyaziyyat fənni üzrə Respublika olimpiadasında qızıl medala layiq görülüb.  Junior Balkan Riyaziyyat Olimpiadasında (Serbiya) iştirak edib. 2016-cı ildə  Beynəlxalq Zhautykov Olimpiadasında riyaziyyat fənni üzrə bürünc, 2017-ci ildə riyaziyyat fənni üzrə Respublika olimpiadasında qızıl medallara, Beynəlxalq Riyaziyyat Olimpiadasında (Braziliya) həvəsləndirici mükafata (honorable mention), riyaziyyat fənni üzrə Respublika Olimpiadasında “Birincilərin birincisi” adına layiq görülüb.  Bu il Balkan Riyaziyyat Olimpiadasında iştirak  edib.

- 2018-ci il Respublika fənn olimpiadaları mənim üçün çox uğurlu keçdi.  Final mərhələsində təqdim olunan 5 sualın hər birini tam cavablandırmaqla maksimum bal olan 25 balı əldə etdim. Bu mənim Respublika fənn olimpiadalarında  əldə etdiyim 3-cü qızıl medal oldu, ancaq ilk dəfədir ki,  “Birincilərin birincisi”  adına layiq görülürəm. Əldə etdiyim bu uğura görə valideynlərimə, müəllimlərimə və mənim üzərimdə əməyi olan hər bir kəsə minnətdarlığımı bildirirəm.


 

“Ali təhsilimi xaricdə davam etdirməyi düşünürəm”

 

Məhəmməd Yusifov,

Gəncə şəhəri 26 nömrəli məktəbin eksperimental pilot siniflərin IX sinif şagirdi

 

2003-cü ildə Tovuz rayonunda anadan olub.  İlk  I-VI  sinifləri Tovuzda təhsil aıb. Daha sonra isə  Gəncə “İstək”  liseyində  təhsilini davam etdirməyə başlayıb.

- Builki respublika  fənn olimpiadaları mənim üçün uğurlu keçdi. Düzdür,   builki suallar gözümdə keçən ildəkindən çətin idi, bu isə ən  güclülərin  seçilməsində  daha böyük  effektə sahib oldu. Ümumi nəticələri keçən  ildəkindən daha yaxşı olaraq dəyərləndirirəm (9-cu siniflər nümunəsində), ortalama bal keçən ildəkindən daha yüksək olub.  İmtahana başlayanda  “Birincilərin birincisi” olmağı güman etmirdim, düşünürdüm ki,  birinciliyə  yetişə bilməyəcəyəm, lakin imtahanda təmkinli davranıb axıracan gözlədim ki,  unutduğum bir sey varsa xatırlayım, buna görə də  nəticəm yüksək oldu. Məncə,   imtahanda layiqincə iştirak etdim və “Birincilərin birincisi”  adına  layiq  görüldüm.    Qaliblərin  mükafatlandırılma mərasimi  çox  yüksək səviyyədə keçdi.  Gələcəkdə IT  sahəsində  ali təhsil  almağı planlaşdırmışam, bunun  əsrin ən vacib sahələrindən olduğunu deyə bilərəm. Ali təhsilimi xaricdə davam etdirməyi düşünürəm.  IT sahəsinə maraq göstərsəm də, fizika olimpiadaçısıyam,  fizika fənni üzrə  “Birincilərin birincisi”  seçilmişəm.

“Azərbaycanın adını daim ucaltmağa çalışacağam”


 

Ziya Muxtarov,

Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi

 

2001-ci il mayın  21-də Bakı şəhərində anadan olub.  IX sinfə qədər təhsilini  Bakıdakı  283 nömrəli tam orta məktəbdə alıb.  2015-ci ildə imtahan verərək akademik Zərifə Əliyeva adına liseyin 9-cu sinfinə qəbul olunub. Hazırda   təhsilini həmin liseydə davam etdirir.

- İnformatika fənninə marağım kiçik yaşlarımdan başlayıb. İllər keçdikcə bu maraq daha da  güclənib, bu sahədə heç bir yeniliyi nəzərimdən qaçırmamağa çalışmışam.  İnformatika  fənni üzrə bir çox beynəlxalq və respublika olimpiadalarında iştirak etmişəm. Olimpiadalarda  qazandığım uğurlara görə  təkcə bir müəllimin adını qeyd edə bilmərəm. Mənə ilk gündən qələm tutmağı,   əlifbanı öyrədən,  elmin dərinliklərini  mənimsədən  bütün müəllimlərimə  dərindən təşəkkür edirəm.  Builki  olimpiadada müxtəlif məktəblərdən şagirdlər iştirak edirdilər.  Olimpiadanın yüksək  səviyyədə təşkil olunması da qələbəmizdə müəyyən rol oynadı. İnformatika fənni üzrə  olimpiadada verilən suallar  yetərli qədər çətin idi.  Lakin illərlə qazandığım biliklər bu çətinliklərin öhdəsindən gələrək “Birincilərin birincisi”  olmağıma şərait yaratdı.

2018-ci il respublika fənn olimpiadalarının   qaliblərinin   mükafatlandırma mərasimində  müxtəlif elm sahələrində çalışan ziyalılar iştirak edirdi.  Təhsil naziri Ceyhun Bayramovun  bizi şəxsən təbrik edərək qiymətli hədiyyələr  təqdim etməsi biz  qalibləri çox sevindirdi  və qürurlandırdı.

Gələcəkdə arzum  orta məktəbi  bitirdikldən sonra ali təhsilimi proqramçı ixtisası üzrə xarici ölkələrin birində almaqdır. Harada olmağımdan asılı  olmayaraq  həmişə vətənim Azərbaycanın adını daim ucaltmağa çalışacağam.


 

“Qalib gəlmək hər bir şagirdin arzusudur”

 

Vüqar  Rufulla,

Bakı şəhəri 261 nömrəli tam orta məktəb-liseyin X sinif şagirdi

 

2002-ci il yanvarın 6-da Bakı şəhərində anadan olub.  2008-ci ildə 261 nömrəli məktəb-liseyin 1-ci sinfinə qəbul olub. Hazırda həmin məktəbin X  sinfində təhsil alır.

- Respublikamızda keçirilən fənn olimpiadalarının çox böyük əhəmiyyəti vardır. Belə müsabiqələr şagirdlər arasında  rəqabəti artırmaqda, istedadlı şagirdlərin aşkar edilməsində  böyük rol oynayır. Bu cür  mötəbər yarışlarda iştirak etmək və orada qalib gəlmək hər bir şagirdin arzusudur. Bu il  keçirilən olimpiadada  bu  arzuma  çatdım və tarix fənni üzrə “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Belə bir yarışda qalibiyyət  məndə  böyük  sevinc və fərəh hissi yaratdı. Olimpiada qaliblərinin mükafatlandırma mərasimi çox gözəl keçdi.

 

 


“Biologiya Dünya Olimpiadasında iştirak edəcək 4 şagirddən biriyəm”

 

Günel Mahmudova,

Türkiyə Dəyanət Vəqfi  Bakı Türk Liseyinin XI sinif şagirdi

 

2000-ci il oktyabrın 14-də  Bakı şəhərində anadan olub. İbtidai təhsilini  paytaxtdakı 38 nömrəli tam orta məktəbdə bitirdikdən sonra  V  sinifdən  təhsilini Türkiyə Dəyanət Vəqfi  Bakı Türk Liseyində  davam etdirməyə başlayıb.

- Biologiya fənninə olan marağım mənim IX  sinifdə  Respublika fənn olimpiadalarına qatılmağıma səbəb oldu. Nəticədə gümüş medalla respublika 2-cisi oldum. Bundan sonra, respublika olimpiada hazırlıq mərkəzində  keçilən dərslərə qatıldım və biologiya fənnini daha dərindən öyrənməyə çalışdım.   Buna görə yenə məhz biologiya haqqında müxtəlif xarici ədəbiyyatları oxumağa başladım. Əməyimin bəhrəsini isə bu il “Birincilərin birincisi” adına layiq görülməyim və qızıl medal almağımla əldə etdim. Hal-hazırda ölkəmizi 29-cu Biologiya Dünya Olimpiadasında (İBO) təmsil etmək üzrə seçilən 4 şagirddən biriyəm. Gələcək planlarım çoxdur. Bunlardan ən birincisi qardaş ölkə  Türkiyədə tibb ali təhsili almaq və bu təhsilin sonrakı magistratura pilləsini Amerikada davam etdirməkdir.

“Anama və müəllimlərimə təşəkkürlərimi çatdırıram”


 

Günay Quliyeva,

Qazax rayonu  Kommuna kənd  S.Həsənov adına tam orta məktəbin IX sinif şagirdi

 

2003-cü il oktyabrın 7-də  Qazax rayonunun Kommuna kəndində anadan olub. 2009-cu ildə S.Həsənov adına Kommuna kənd tam orta məktəbin I sinfinə qəbul olunub. Hazırda  həmin məktəbin IX sinfində oxuyur.

-  Fənn olimpiadalarına qatılmağımda və uğurlu iştirakımda təhsil aldığım məktəbin kollektivinin dəstəyini qeyd etmək istəyirəm. İbtidai sinif müəllimim Vəfa xanım qayğı ilə mənə Vətəni sevməyi öyrədib, məni bilik əldə etməyə həvəsləndirib.  Digər müəllimlərim də həm mənə,  həm də sinif yoldaşlarıma kitab oxumağı,  olimpiada və bilik müsabiqələrində iştirak etməyi məsləhət görüblər.  Mən də onların dəstəyi ilə bu il  “Ədəbiyyat biliciləri” müsabiqəsində və  Azərbaycan dili və ədəbiyyat fənni üzrə respublika fənn olimpiadasında iştirak etdim.  Rayon mərhələsini keçdikdən sonra  “Ədəbiyyat biliciləri”  müsabiqəsinin  respublika mərhələsində iştirak etmişəm.  Respublika fənn olimpiadasında isə  IX siniflər arasında  birinci yeri tutmuş və  “Birincilərin birincisi” nominasiyası üzrə mükafatlandırılmışam.  Bu cür olimpiadaların keçirilməsi şagirdlərin  biliklərinin  qiymətləndirilməsində əhəmiyyətli rol oynayır.  Olimpiadalar bizi dərslərimizi daha məsuliyyətlə öyrənməyimizə sövq edir, həvəsləndirir.  Belə əhəmiyyətli tədbirlər təşkil etdiyi üçün Təhsil Nazirliyinə dərin minnətdarlığımı bildirirəm.  Məni hər zaman dəstəklədikləri üçün anama və məktəbimizin bütün müəllim kollektivinə təşəkkürlərimi çatdırıram.

 “Birincilərin birincisi” olmağım mənim üçün sürpriz oldu”


 

Zahir  Məmmədzadə,

Bakı şəhəri 239 nömrəli tam orta məktəbin X sinif şagirdi

 

2002-ci ildə Bakıda anadan olub.  2008-ci ildə 236 nömrəli tam  orta məktəbə daxil olub.  2012-ci ildən təhsilini 239 nömrəli  tam orta məktəbdə davam etdirir.

- Builki respublika  fənn olimpiadaları mənim üçün çox böyük uğurlara imza atmağıma səbəb oldu. Coğrafiya fənni üzrə qatıldığım yarışda ilk tur olan rayon (şəhər) və ikinci tur olan yarımfinal mərhələlərini yüksək ballarla keçərək final mərhələsinədək yüksəldim. Final mərhələsində isə 50 ballıq sistemdən 49 bal toplayaraq nəinki 10-cu siniflərin birincisi,  hətta ümumilikdə coğrafiya fənni üzrə “Birincilərin birincisi” nominasiyasına layiq görüldüm. Final turunda nəticələr açıqlanmazdan əvvəl 1-ciliyi gözləməsəm də yer tutacağımdan əmin idim. “Birincilərin birincisi” nominasiyası isə mənim üçün, sözün əsl mənasında, sürpriz oldu.  Bu olimpiadada artıq ənənə halını almış məqamlardan biri də hər  fəndən ölkə üzrə ən güclü şagirdin “Birincilərin birincisi” nominasiyası üzrə təltif edilməsidir. Təbii ki, bu nominasiyanı  əldə  etmək  hər  şagird kimi mənim də arzum olub. Nəhayət, bu il arzuma çataraq respublika fənn olimpiadalarının coğrafiya fənni üzrə “Birincilərin birincisi” nominasiyasına  layiq görüldüm. 33 min şagirdin qatıldığı bilik yarışmasında  fənnim üzrə 8 nəfərdən biri olmaq məni çox qürurlandırdı. 15 may tarixində keçirilmiş respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırma mərasimində Təhsil Nazirliyi tərəfindən 1-cilik medalı və qiymətli hədiyyə ilə mükafatlandırıldım. Ümumiyyətlə, olimpiada zamanı və qalibiyyəti əldə etdikdən sonra yaşadığım hisslər sözlə ifadə edilməyəcək qədər gözəl idi.

 

"Azərbaycan müəllimi" qəzeti


Açar sözlər: ,