25.05.2018

“Ekoloji Triada” aksiyası

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə əməkdaşlığı ilə məktəblilər üçün “Ekoloji Triada” aksiyası keçirilib. Aksiya üç ekoloji əhəmiyyətli günə - 22 May-Biomüxtəliflik Günü, 23 May-Azərbaycan Ekoloqlar Günü və 24 May-Avropa Milli Parklar Gününə həsr olunub.

22 May-Biomüxtəliflik günü ilə əlaqədar ekologiya üzrə mütəxəssislər tərəfindən xüsusi məlumatlandırıcı vərəqlər hazırlanıb və açıq dərslər keçirilib.

“Mənim bağçamın biomüxtəlifliyi” üzrə məktəblilərə sorğu vərəqləri təqdim olunub, uşaqlar məktəbin yaxınlığındakı park və meşə ərazilərində müşahidələr aparıb, sorğu vərəqlərində qeyd olunan ağac, bitki, heyvan və həşəratların ümumi növ və sayını müəyyənləşdirərək verilmiş düstura əsasən biomüxtəliflik əmsalını hesablayıblar.

“Tap görüm” sorğu vərəqinə əsasən isə məktəblilər verilmiş cədvəl üzrə biomüxtəliflik mövzusunu əhatə edən sualları ekoloji biliklərinə uyğun olaraq cavablandırıblar və ekosistemdə gördükləri bəzi orqanizmlərdən istifadə edərək qida zənciri yaradıblar.

Sorğu vərəqlərini RUGİM-in 2300 ekoklub üzvi və 58 rayon UGİM-lərinin üzvləri doldurub.

Azərbaycan Ekoloqlar Günü ilə əlaqədar olaraq Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Yaşıl Şəbəkə” 40 ekoklub liderinin ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev ilə görüşü keçirilib. Həmçinin Suraxanı rayonu ərazisindəki yaşıllıq sahədə iməcilik təşkil olunub, ərazidə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

Avropa Milli Parklar Günü ilə əlaqədar məktəblilərin Azərbaycanın Milli parkları haqqında ekoloji maarifləndirilməsi və ətraf mühitin qorunması sahəsində xüsusi bacarıqlarının formalaşdırılması üçün Respublika ekoloji aksiyası keçirilib. Respublika Ekoloji aksiyası Abşeron, Şirvan, Hirkan, Ağgöl, Samur-Yalama, Altıagac, Şahdağ, Göygöl, Zəngəzur Milli Parklarını əhatə edib.


Açar sözlər: