11.05.2018

Peşə təhsilinin akkreditasiyası üzrə Estoniya təcrübəsi öyrənilib

Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları Tallində səfərdə olublar. Səfər Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının TAIEX aləti çərçivəsində Estoniyanın Ali və Peşə Təhsili üzrə Keyfiyyət Agentliyində (EKKA) peşə təhsilinin akkreditasiyası üzrə təcrübə mübadiləsi üçün təşkil edilib.

Səfər zamanı Estoniyada peşə təhsilinin akkreditasiya standartları, qaydaları, təcrübəsi, akkreditasiya komissiyasının yaradılması və işinin təşkili barədə ətraflı məlumat əldə edilib.

Akkreditasiya və Nostrifikasiya İdarəsinin əməkdaşları Estoniya Dənizçilik Məktəbinin pilot akkreditasiyasında da iştirak edib, habelə Estoniya İnşaat Məktəbində və İşəgötürənlər Konfederasiyasında görüşlər keçiriblər. Bu qurumlarda peşə məktəblərinin inkişaf strategiyası, tədrisdə istifadə olunan təlim metodları, tələbələrə praktiki bacarıqların öyrədilməsi, əmək bazarının nümayəndələri ilə əlaqələrin qurulması və strateji qərarların qəbuluna əmək bazarı nümayəndələrinin cəlb edilməsi məsələləri ilə bağlı müzakirələr aparılıb.

Səfər müddətində peşə məktəblərinin tədris laboratoriyalarına da birgə baxış keçirilib, məktəb rəhbərlikləri və müəllimlər tərəfindən tələbələrə praktiki bacarıqların öyrədilməsi prosesinin maraqlı və məhsuldar təşkili üçün istifadə olunan stimullaşdırma metodları, habelə müxtəlif həvəsləndirici praktiki yarışların təşkili haqqında məlumat verilib.

Səfər çərçivəsində EKKA mütəxəssisləri ilə birgə Azərbaycanda peşə məktəblərinin keyfiyyət təminatına dair yol xəritəsi müzakirə edilib.


Açar sözlər: ,