07.05.2018

Şagird və tələbələr arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə ali, orta və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilmiş bədii yaradıcılıq festivalının yekun konserti olub.

Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi tələbələri milli vətənpərvərlik, milli adət-ənənələrə hörmət ruhunda tərbiyə etmək, eləcə də istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək göstərmək və bədii-estetik səviyyəsini yüksəltməkdir.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev, ali təhsil müəssisələrinin rektorları, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin və 20-dək ölkənin Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rəhbərləri iştirak ediblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev çıxış edərək  ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında əvəzsiz xidmətlərindən danışıb. 

Səttar Mehbalıyev bədii yaradıcılıq festivalının şagird və tələbələrin asudə vaxtının səmərəli təşkil olunması, istedadlı gənclərin aşkarlanması baxımından rolunu qeyd edib. Bildirib ki, Tələbə Həmkarlar Təşkilatı vasitəsi ilə universitetlərdə idman yarışları, intellektual oyunlar və olimpiadalar keçirilir.

Sonra çıxış edən təhsil nazirinin müavini Firudun Qurbanov ulu öndərin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə bütün sahələrin, xüsusilə, təhsil sahəsinin sürətlə inkişaf etdiyini vurğulayıb, bu uğurlu siyasətin Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyib. 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş festivalın ənənəvi olaraq hər il təşkil edildiyini qeyd edən nazir müavini bildirib ki, bu il ilk dəfə olaraq müsabiqədə respublikada fəaliyyət göstərən bütün ali təhsil müəssisələri iştirak edib. Festivalın I mərhələsində müvəffəqiyyətlə iştirak etmiş kollektiv və solo ifaçılar növbəti respublika mərhələsində öz bacarıqlarını nümayiş etdiriblər. Seçimlər Bakı, Lənkəran, Gəncə şəhərləri və Quba rayonunda aparılıb. 

Firudin Qurbanov festivalın keçirilməsində əməyi olan hər kəsə, xüsusilə münsiflər heyətinə təşəkkür edib və tələbələrə uğurlar arzulayıb.

Qeyd edək ki, festivalın yekun konsertində 19 ali, 12 orta ixtisas və 11 peşə təhsili müəssisəsinin tələbələri iştirak edib.


Açar sözlər: