04.05.2018

Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert

Mayın 3-də Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların III respublika müsabiqəsinin yekun konserti keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyevin daim gənclərə və uşaqlara böyük diqqətlə yanaşdığını, mədəniyyət və incəsənət xadimlərinə xüsusi qayğı göstərdiyini vurğulayıb. Nazir müavini ümummili liderin əsasını qoyduğu təhsil siyasətinin bu gün ölkə Prezidenti cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Çıxışının sonunda Firudin Qurbanov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb və  ölkəmizi dünyada layiqincə təmsil etməyi tövsiyə edib.

Tədbir konsert proqramı ilə davam edib, Qara Qarayev adına Dövlət Kamera Orkestri və müsabiqənin laureatları çıxış ediblər.

Müsabiqənin keçirilməsində məqsədi şagird və tələbələr arasında ümummilli lider Heydər Əliyev irsini təbliğ etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır.

Müxtəlif nominasiyalar (fortepiano, tar, kamança, xanəndə, qanun, balaban, vokal, simli və nəfəs alətləri) və yaş kateqoriyaları üzrə iki mərhələdə keçirilən müsabiqəyə respublika üzrə 572 nəfər iştirakçı sənəd təqdim edib ki, onlardan 215 iştirakçı I,119 iştirakçı isə II mərhələyə seçilib. 124 nəfər ifaçı laureat və diplomant adına layiq görülüb.

Qeyd edək ki, müsabiqə çərçivəsində Musiqi Mədəniyyəti Muzeyində şagird və ifaçıların Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı ilk elmi-praktik konfransı da keçirilib.


Açar sözlər: