• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Mənim üçün bundan daha böyük qürur ola bilməz”

Fərahim Hüseynzadə: “Renmin Universitetində birinci olan tələbəni, mənim timsalımda isə Azərbaycanı tanıdılar”

 

Bu günlərdə Çin Xalq Respubikasından (ÇXR) aldığımız xoş xəbər növbəti dəfə  təhsil ictimaiyyətimizi sevindirdi.   Azərbaycan təhsilinin  daha bir yetirməsi  Asiyanın inkişaf etmiş  təhsil sistemi ilə  seçilən Çində  növbəti uğura imza atmaqla gənclərimizin istedadı, qabiliyyəti ilə zirvələr fəth edə bilmək gücündə olduğunu bir daha dünyaya göstərdi.  Bu uğurun sahibi  dünyanın reytinqli universitetləri arasında təmsil olunan Çinin Renmin Universitetində magistratura təhsili alan Fərahim Hüseynzadədir.  F.Hüseynzadə adıçəkilən universitetin daxili təqaüdünə və ən yüksək elmi mükafatına layiq görülüb. Ortalama elmi göstəricisi (GPA) 3.95/4.00 təşkil edən  azərbaycanlı tələbə “Academic performance”  kateqoriyası üzrə Renmin Universitetində fakültə, ümumilikdə isə universitet üzrə birinci yerə yüksəlib. Bu kateqoriyada o, ABŞ, Böyük Britaniya, Almaniya və Fransadan olan həmkarlarını geridə qoyub.  “Azərbaycan müəllimi” qəzetinə verdiyi müsahibəsində  F.Hüseynzadə  təhsil aldığı ali məktəb, ona qürur gətirmiş birincilik və  gələcək planlarından danışdı.

Tanıtım. Fərahim Pərviz oğlu Hüseynzadə  1994-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. Əslən Qarabağdan-Cəbrayıl rayonundan olan  gənc  2000-ci ildə Cəbrayıl rayonu M.Mehdizadə adına məktəbdə ibtidai təhsilinə başlayıb,  2011-ci ildə isə  Bakının  Xətai rayonundakı  55 nömrəli tam  orta məktəbi bitirib. Elə həmin il 642 balla Bakı Dövlət Universitetinin hüquq  fakültəsinin ingilis bölməsinə daxil olub.  2015-ci ildə həmin fakültədən məzun olaraq hərbi xidmətə yollanıb,  2016-cı ildə nümunəvi xidmətə görə “Vətənə məktub” mükafatı ilə təltif olunub  və ordu sıralarından ehtiyata buraxılıb.  2016-cı ildə yaxın bir dostu ilə  öz şirkətini qurmuş, 2017-ci ilin sentyabrından isə Təhsil Nazirliyi ilə Çin Xalq Respublikası Hökuməti arasında qarşılıqlı müqaviləyə əsasən “Çinin biznes hüququ”  ixtisası üzrə magistr təhsilini  davam etdirmək üçün Çinə yollanıb.  Hazırda, Pekində, Renmin Universitetində təhsil alır.

 

İki dəfə “İlin tələbəsi”

 

- Orta məktəbdə daha çox hansı fənlərə maraq göstərirdiniz? Azərbaycanda orta və ali təhsil illərində hansı uğurlarınızı qeyd edə bilərsiniz?

- Uşaq yaşlarımdan valideynlərimin dəstəyi ilə həmişə aktiv həyat tərzi keçirmişəm.  7 illik fortepiano məktəbini bitirmişəm, bundan başqa,  iki şeirlər kitabım çapdan çıxıb və hazırda Milli Kitabxanada saxlanılır.  Şeirlər yazmaqda və mütəmadi  olaraq sosial mediada paylaşmaqda davam edirəm.  Şahmat üzrə 4-cü dərəcəli usta adına layiq görülmüşəm.

Tarix hər zaman  ən sevimli fənnim olub. İndi də bacardığım qədər tarixi kitablar oxumağa üstünlük verirəm. Bu marağı məndə ibtidai sinif müəllimim Nailə  xanımın  fənnə yaratdığı maraqla əlaqələndirirəm.  Uğurlarıma gəldikdə isə, 10-cu sinifdə oxuyarkən tarix fənni üzrə olimpiadada Bakı və Respublika birincisi olmağı bacarmışam. 2010-cu ildə “Xəmsə” Milli İntellektual Oyununun “Məktəb” liqasında ölkə ikincisi, “Ağıl dəryası” intellektual yarışmasında isə yarımfinalçı olmuşam. Ali təhsil illərimdəki uğurlar, əsasən Tələbə Gənclər Təşkilatı  ilə bağlıdır. İki il təşkilatın sədri vəzifəsini icra etmişəm. BDU İntellektual Komandasının kapitanı olmağımla isə, belə desək,  uğurlar bir-birini əvəzləyib. Belə ki, 4 il ərzində “Mən Azərbaycanlıyam” İntellektual Oyunu üzrə ilin qalibi, “Xəmsə” Milli İntellektual Oyunu üzrə Universitet liqasının qalibi, “Nə? Harada? Nə Zaman?” İntellektual Oyunu üzrə Çağırış, Konfederasiyalar, Universiada kuboklarının sahibi, “Parlaq Zəka”  intellektual oyunun  yarımfinalçısı olmuşam. Bütün bu uğurlarıma görə də BDU-da iki dəfə “İlin tələbəsi” fəxri adına layiq görülmüşəm. Xarici ölkələrdə keçirilən bir çox konfranslarda, seminarlarda Azərbaycan nümayəndə  heyətinin tərkibində iştirak etmiş, sertifikatlara layiq görülmüşəm.

 

Araşdırmalar aparmaq artıq həyat tərzimə çevrilib

 

- Sizdə elmə, tədqiqatçılığa nə vaxtdan maraq yaranıb?

- Elm belə bir məfhumdur ki,  bunu paylaşmasan, inkişaf etdirməsən, hər gün yeni bir nəsə əlavə etməsən artım olmaz və geriləməyə gətirib çıxarar. Buna  görə də bacardığım qədər nələrisə araşdırmaq, hər gün nələrisə öyrənmək artıq həyat tərzimə çevrilib deyə bilərəm. Söhbət təkcə hüquqdan, beynəlxalq əlaqələrdən getmir. Burada sözü keçən araşdırmaçılıq istənilən sferaya və elm sahəsinə aiddir. Artıq müəllimlərimin dəstəyi ilə  və belə desək,  onların göstərdikləri yolla gedərək nələrisə tədqiq edib bir nəticəyə gəlməyi bacarıram.

Bir məsələni də qeyd edim ki, Bakı Dövlət Universitetində təhsil alarkən hörmətli rektorumuz akademik Abel Məhərrəmovun və fakültəmizin dekanı Əmir Əliyevin hər zaman müəllim, bir böyük kimi dəstəyini hiss etmişəm. İnanın səmimiyyətimə, istər xarici universitetlərə müraciət olsun, istər ictimai fəaliyyət, elmi araşdırmalar, bütün məsələlərdə həmişə əllərindən gələn köməkliyi göstəriblər mənə. Uğurlarımda verdikləri töhfə əvəzsizdir. Buna görə də onların hər birinə öz təşəkkürümü bildirirəm.

 

Azərbaycan adına bunu reallaşdırdığım üçün çox sevinirəm

 

-  Necə oldu ki, Renmin Universitetinin  birincisi oldunuz.   Bu barədə ətraflı məlumat verərdiniz.  Kimlər birinci ola bilər və kimləri  arxada qoydunuz?

- Renmin Universiteti Çində hüquq, sosial elmlər və humanitar fənlər sahəsində bir nömrəli universitet hesab edilir, eləcə də dünya reytinqində top 50-likdə qərarlaşıb. Burada təhsilə, elmə xüsusi önəm verilir və universitet də bunların məntiqi nəticəsi kimi daxili təqaüd və mükafatlarını elan edir. Mən də təhsil göstəricim yuxarı olduğu  üçün müraciət etmək qərarına gəldim. Adətən ötən illərdə Çin Hökumətinin təqaüdlərinə layiq görülən tələbələrə daxili təqaüd verilməyib. Son illərdə ilk dəfə idi ki, hansısa tələbə hər iki mükafata və daxili təqaüdə layiq görülürdü. Azərbaycan adına bunu reallaşdırdığım üçün çox sevinirəm. Ən yüksək elmi mükafat hesab olunan bu mükafatı əldə etdiyim üçün müəllimlərimə minnətdaram. Təbii ki, burada təhsilin səviyyəsi nə qədər yüksək olsa da, bu,  bir  il ərzində qazanılan uğur deyil.  Bu iş illər, pillələr, addımlarla  olur və sonda belə uğura gətirib çıxarır.

 

Bir vətəndaş kimi hər məqamda ölkəmizə töhfələr verməliyik

 

-  Birincilik sizə ali təhsilinizdə  hansı üstünlükləri verir?  Universitet müəllimləriniz və akademik heyət sizin birinci olmağınıza necə münasibət  bildirdi? 

- Mənim ən çox sevindiyim məqam da məhz elə bu idi. Belə ki, Azərbaycanın Çin ilə nə qədər də artan tempə malik əlaqələri  olsa da, əksər çinlilərin ölkəmiz  barədə məlumatları azdır.   Bu işin aparılması təkcə dövlət qurumlarının, səfirliyimizin üzərinə düşməməlidir. Biz də vətəndaş kimi, hər məqamda ölkəmiz adına  hansısa   töhfələr verməliyik.  Uğur qazanandan sonra, nəticələr açıqlanan kimi elə müəllimlər, tələbələr, hər kəs xəbər tutdu.   Bəzi universitet tələbələri məni artıq tanıyırdı,  özümü  ali məktəbdə intellektual oyunlar təşkil edən tələbə  kimi tanıtdıra bilmişdim.    Amma bu uğur elə-belə hesab edilmirdi.  Onlar artıq minlərlə tələbə, elmi işçi kontingenti olan bir universitetdə birinci olan tələbəni, mənim timsalımda isə Azərbaycanı tanıdılar. Mənim üçün bundan daha böyük qürur ola bilməz.    

 

Elmin burada açmadığı qapılar yoxdur

 

- Bir qədər universitet,  təhsiliniz və ixtisasınız barədə məlumat verərdiniz.

- Renmin Universiteti barədə yuxarıda qısaca arayış vermişəm. Renmin sözünün mənası elə Çin dilindən “Xalq” anlamına gəldiyi üçün,  bu ali məktəbi  alternativ olaraq Çin  Xalq Universiteti də adlandırırlar.  Bu universitet  özünün beynəlxalq istiqamətləri ilə məşhurdir.  Ali məktəb  dünyanın 32 ölkə və regionlarından 125-dən  artıq universitet və tədqiqat müəssisələri ilə əməkdaşlıq edir. Universitetin beynəlxalq tədqiqtlar məktəbi Asiya və Böyük Britaniyanın London Kral Kolleci ilə magistratura sahəsində ikili diplom   təklif edir.  Universitet Asiya və Avropanın bir sıra nüfuzlu ali məktəbləri üçün  bir növ əməkdaşlıq körpüsü rolunu oynayır.

Böyük qürur hissi ilə qeyd etməliyəm ki,  2015-ci ildə  Çinə rəsmi səfəri  çərçivəsində möhtərəm Prezidentimiz İlham Əliyev bizim universitetdə olub və ona  Fəxri professor diplomu təqdim olunub.  Dövlət başçımız universitetin tələbələri və müəllim heyəti qarşısında çıxış edib.   Bu çıxış universitetin xarici əlaqələr kitabına da daxil olunub. Bu görüşü indi də xatırlayırlar.

İxtisasıma gəlincə,  Çin hüququ, daha dəqiq,  biznes və korporativ hüquq sahəsi üzrə magistr təhsili alıram.  Təhsilim iki illikdir. Universitetin illik təhsil haqqı, yaşayış yeri, dolanışıq üçün aylıq təqaüd, tibbi sığorta, ölkəyə gediş-dönüş bileti və laboratoriya xərcləri qarşılıqlı müqaviləyə əsasən qarşılanır. Bu il artıq bütün vacib kursları götürdüyümdən gələn il ancaq elmi işi yazmaq və müdafiə etmək öhdəliyi qalacaq üzərimdə.

- Ümumiyyətlə, Çinin ali təhsil sistemində hansı meyilləri qeyd edə bilərsiniz? Məsələn, ali məktəblər daha çox akademik  təhsilə, yoxsa tədqiqatçılığa üstünlük verir?

- Tədqiqat burada hər şey deməkdir. Elmin burada açmadığı qapılar yoxdur. Çünki universitetlər həm xarici tələbə qəbulunda, ələlxüsus da çinli tələbələrin qəbul prosesində çox seçici davranır. Belə ki, hər şəhərdən müəyyən kvota qoyulub və o kvotaya əsasən qəbul həyata keçirilir. Məqsəd, ən yaxşıları cəlb etməkdir. Tədqiqatçılar üçün müxtəlif qrant layihələr elan edilir, bundan başqa,  demək olar  ki, bütün universitetlərin xarici online bazalara çıxış imkanı var. Bu, özü belə, burada  akademik təhsilə nə qədər önəm verildiyini göstərir.

 

Yeniliklər gözlə görülür

 

-  Çindən baxanda Azərbaycanda  təhsil sahəsində  həyata keçirilən yenilikləri necə  qiymətləndirirsiniz?

- Yeniliklər gözlə görülür. Cənab Prezident İlham Əliyevin seçkilərdən dərhal sonrakı çıxışında gəncləri daha böyük uğurlara səsləməsi, ölkənin birinci şəxsinin gənclərə daha da inamlı və əzmli olmaları üçün səslənməsi, ümumilikdə dövlətin təhsilə diqqəti, xüsusən də gənclər siyasətini prioritet sahəyə çevirməsi təhsilə, elmə və gənclərə olan qayğını göstərir. Amma qət ediləsi çox yol, görüləsi çox iş var. Bu işin də əsas aparıcı qüvvəsi məhz xaricdə təhsil alan, yeniliklərin içərisində olan, belə desək,  onları əyani şəkildə sınaqdan keçirən gənclər olmalıdır. Düşünürəm ki, ən vacib məsələlərdən biri universitetlərimizin xarici ölkə universitetləri ilə əməkdaşlığının artırılmasıdır.

- Renmin Universitetində gördüyünüz hansı müsbət tendensiyaları  bizim ali təhsil sistemimizdə görmək istərdiniz?

- Tələbələrə yüksək səviyyədə hörmət, müəllimlərin tələbə ilə birgə həyatı yaşaması, daha çox vaxt keçirməsi, dərsdən kənar fəaliyyətlərə cəlb edilmələri və adicə yeməkxanadan başlayan və yataqxanaların tikilməsi, təchizatına qədər məişət məsələləri diqqətə alınmalıdır zənnimcə. Bunun üçün ölkəmizin yetəri qədər potensialı və iqtisadi gücü olduğu qənaətindəyəm.

 

- Gələcək planlarınız barədə.

 

- Gələcək planlarıma təhsili uğurla və fərqlənmə ilə başa vurub ölkəmə dönmək və ölkəmin inkişafı, rifahı naminə bacarığımı sərf etməkdir. Bu, mənim üçün ən ümdə məsələ və ali məqsəddir. Biz Azərbaycanlıyıq, bu millətə, ölkəyə mənsubuq və bu xalqa xidmət etmək bizim mənəvi və eləcə də vətəndaşlıq borcumuzdur.

- Cavablarınıza görə minnətdarıq.  Sizə təhsilinizdə daha yüksək zirvələrə çatmağı arzulayırıq. 

-  Son olaraq, “Azərbaycan müəllimi”nə   uğurumu paylaşıb, insanlara çatdırdıqları üçün dərin minnətdarlığımı bildirirəm. Bunlar məni daha da böyük uğurlara səsləyir.

 

“Azərbaycan müəllimi” qəzeti


5 il əvvəl