• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Ən böyük hədəfim yüksək bacarığa malik cərrah olmaqdır”

Emin Qayıbov: “Əldə etdiyim uğurlarıma görə müəllimlərimə borcluyam”

 

Qloballaşan dünyamızda təhsilin ölkənin inkişafındakı  mühüm  rolu  danılmaz  faktdır.  Ölkəmizdə  cəmiyyət  həyatının  bütün sahələrinin  hərtərəfli  inkişafını təmin edən peşəkar, yüksək rəqabətqabiliyyətli, hazırlıqlı  mütəxəssislərin hazırlanmasına ciddi diqqət ayrılmaqdadır.

Son illər Təhsil Nazirliyinin  xüsusi istedadı ilə seçilən şagirdlərin, gənclərin üzə çıxarılması, onların istedad və qabiliyyətlərinin, tədqiqatçılıq səriştələrinin inkişafına yönəlik məqsədyönlü tədbirləri nəticəsində məktəblilərimizin beynəlxalq bilik yarışlarında yüksək fəallıq göstərməsinin şahidi oluruq.  Olimpiada hərəkatı artıq ölkəmizdə  ciddi elmi marafona çevrilib.   Nəticələr isə göz qabağındadır.  Mötəbər  beynəlxalq olimpiadaların qalibləri olan şagirdlərimizin sorağı  artıq bir neçə illərdir ki,  yaxın-uzaq ölkələrdən - ABŞ, Avropa və Asiyanın nüfuzlu universitetlərindən gəlir.  Budəfəki yazımız da  son illər beynəlxalq olimpiadalarda ölkəmizi dəfələrlə uğurla təmsil etmiş, əldə etdiyi uğurlar sayəsində hazırda  Çexiyanın Çarlz Universitetində tibb təhsili alan Emin Qayıbova  həsr olunub.

Tanıtım. Emin Elman oğlu Qayıbov 2000-ci il fevral ayının 23-də Bakı şəhərində anadan olub.  2017-ci ildə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərində orta təhsilini  müvəffəqiyyətlə başa vurub. Hazırda Çexiyanın Hradec Kralove şəhərində yerləşən Çarlz Universitetinin tibb (General Medicine) fakültəsində 1-ci kursda təhsil alır. Aşağı siniflərdən öz fitri istedadı ilə müəllimlərinin diqqətini cəlb edən Eminlə söhbətə onun olimpiada uğurlarından başladıq.

 

“Birincilərin birincisi”

 

VII sinifdə məktəbin keçirdiyi fənn olimpiadaları silsilə seçim turlarında qalib gələrək biologiya fənni üzrə Olimpiada hazırlıq dərslərinə qatılmaq şansı əldə etdim. Hələ olimpiadalara başlamazdan öncə hədəfim tibb ixtisası üzrə cərrah mütəxəssis olmaq idi. Ona görə də fənn olimpiadaları arasında mənim maraq dairəmdə olan və mənə ən uyğun fənn biologiya idi. Elə buna görə də biologiya olimpiadalarına qatıldım.  Biologiya fənni digər elm sahələrindən bir çox məqamda fərqlənir. Bunlardan ən əsası isə biologiya fənninin geniş ədəbiyyata malik olması və hər gün bu sahədə yeni kəşflərin baş verməsidir.  Ona görə də biologiya fənni əslində hər gün yenilənir, bir çox köhnə nəzəriyyə yeniləri ilə əvəz olunur. Bu fənni mənimsəmək istəyən hər bir şəxs yeni kəşfləri və nəzəriyyələri təqib etməlidir.

2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Respublika fənn olimpiadalarında biologiya fənni üzrə  qızıl, 2016-cı ildə qızıl və 2017-ci ildə gümüş medallara layiq görülmüşəm. 2016-cı ildə Respublika  fənn olimpiadasında isə  həmçinin “Birincilərin birincisi” titulunu qazandım. Beynəlxalq arenada aşağı siniflərdə kompüter layihə olimpiadalarında da iştirak etmişəm.  2012-ci ildə Türkmənistanın Aşqabad şəhərində keçirilən Beynəlxalq Kompüter Layihə Olimpiadasında (ICPO-2012), 2013-cü ildə Rumıniyanın Buxarest şəhərində keçirilən Beynəlxalq Kompüter Layihə Olimpiadasında (İnfomatrix-2013) gümüş medallar qazandım.

Fənn olimpiadalarına hazırlıq siniflərinə seçildikdən sonra isə vətənimi biologiya fənni üzrə təmsil etməyə başladım. 2014-cü ildə Argentinanın Mendoza şəhərində keçirilən Yeniyetmələrin  Beynəlxalq Elm Olimpiadasına (IJSO-2014),   2015-ci ildə isə Cənubi Koreyanın Daegu şəhərində keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (IJSO-2015) qatıldım və bürünc medala layiq görüldüm.  Bundan əlavə, 2016-cı ildə Hanoy  (Vyetnam)  və 2017-ci ildə Varvik (Böyük Britaniya)  beynəlxalq biologiya olimpiadalarında ölkəmizi təmsil etdim. Əldə etdiyim nəticələr öncə orta təhsilimi qızıl medalla bitirməyimə səbəb oldu. Həmçinin bu nailiyyətlər universitetlərə müraciət etdiyim zaman CV-də (Curriculum Vitae) qeyd olunub,  mənim bacarıqlarımı göstərirdi.

 

Eynşteynin çalışdığı universitetin tələbəsi

 

Emini uğura aparan yolda, əlbəttə ki, onun beynəlxalq və respublika fənn olimpiadalarında qazandığı nailiyyətlərin xüsusi rolu vardır.  Bu uğurlar Emini Avropanın nüfuzlu ali  tibb təhsili verən universitetlərindən birinə gətirib.

- Hazırda təhsil aldığım Çarlz Universiteti Mərkəzi Avropanın ilk tibb universiteti olaraq 1348-ci il aprelin 7-dən fəaliyyətə başlayıb.  Çarlz Universiteti mənim də  təhsil aldığım tibb ixtisası üzrə Avropada ilk 5 universitetdən biridir. Ali məktəb həm praktiki, həm də nəzəri olaraq qitənin digər universitetlərilə müqayisədə  bir çox üstünlüklərə malikdir. Hər il tibb sahəsində əldə olunan yeni kəşflər də Çarlz Universitetinin tibb fakültəsinin  payına düşür.  Dahi fizik Albert Eynşteynin də uzun illər bu universitetdə professor olaraq çalışdığını və elə Mərkəzi Avropada ilk ürək transplantasiyasının universitetin xəstəxanasında həyata keçirildiyini nəzərə alsaq, Çarlz Universitetinin dünyanın görkəmli universitetlərindən biri olduğuna şübhə etmərik. Universitetin tibb fakültəsi yerli tələbələr üçün çex, xarici tələbələr üçün isə ingilis dilində təhsil verir.

Universitetdə xarici tələbələr üçün hər cür şərait yüksək səviyyədədir, belə ki, tibb fakültəsini bitirmiş əcnəbi vətəndaşlar tibb təhsilinin növbəti pilləsi olan ixtisaslaşmanı Almaniya, Böyük Britaniya, ABŞ və Kanadanın yüksək reytinqli universitetlərində asanlıqla əldə edirlər. Tibb fakültəsi proqramı 6 il ərzində həyata keçirilir. Bunun ilk 3 ili daha çox nəzəri, növbəti 3 ili isə daha çox praktiki təhsili əhatə edir.  Təhsil ilinin  sonunda əldə edilən diplom dünyanın hər bir tibb ocağında tanınır, bu isə o deməkdir ki,  ali məktəbin məzunları üçün geniş iş imkanları mövcuddur.

 

Tələbələr üçün geniş təqaüd imkanları və maaş da mövcuddur

 

Çarlz Universitetində təhsil alan tələbələr ali məktəbin təqdim etdiyi bir sıra üstünlüklərdən yararlana bilərlər.  Məzunlarımızın çoxu son kursda ABŞ və Kanadanın keçirdiyi USMLE (Üç mərhələli Tibdə Lisenziya imtahanı (USMLE) - xaricdə alınan tibb təhsilin Amerikada  qəbul edilməsi tələb olunur) imtahanında  iştirak edir. Bu imtahanda yüksək nəticə əldə etmiş tələbələr həmin ölkələrin bir çox nüfuzlu tibb universitetlərində təhsillərini davam etdirmək hüququ əldə edirlər. Həmçinin geniş təqaüd imkanları və maaş da mövcud olur. Mən də bütün məzunlarımız kimi bu imtahana qatılıb yüksək bal toplayaraq tibb təhsilimi rezidentura üzrə ABŞ-ın Texas ştatında yerləşən Texas Cancer Center-də davam etdirmək istəyirəm.

 

Uğur ilk növbədə şagirdin özündən asılıdır

 

Məlumdur ki,  olimpiadalar hər bir iştirakçıdan yüksək əzmkarlıq, hazırlıq, tədqiqatçılıq tələb edir.    Əlbəttə ki,  hər bir şagirdin uğurlarında müəllim əməyi əvəzsizdir. Əldə etdiyim uğurlarıma görə, əlbəttə ki,  hər bir şagird kimi mən də müəllimlərimin hər birinə borcluyam, xüsusən də biologiya olimpiadası heyəti üzvlərinə, Elməddin Mehrəliyev, Anar Məcidov, Elxan Tahirov və Rəşad Səlimova təşəkkürlərimi bildirirəm.  Olimpiadada uğur qazanmaq,  ilk növbədə,  şagirdin özündən asılıdır. Əgər şagirdin iradə və əzmi varsa, şübhəsiz ki, çalışdıqdan sonra nailiyyət əldə edəcəkdir.  Olimpiada geniş bir ailədir ki, bu ailənin hər bir üzvü çalışqan və zəhmətkeş, bir-birlərinə daim dəstək olur. Onlar yalnız dərs çalışmağı və öyrənməyi mənimsəmirlər, yardımsevərlik, qayğıkeşlik duyğuları kimi yüksək insani keyfiyyətləri də birgə əldə edirlər.

Mənim gələcək həyatımda ən böyük hədəfim yüksək bacarığa və biliyə malik bir mütəxəssis cərrah olduqdan sonra Azərbaycana qayıdaraq ölkəmin tibb sahəsi üzrə bir çox problemlərini həll edəcək, hər bir Azərbaycan vətəndaşı kimi ölkəm üçün çalışmaqdır.

 

“Emin təkcə bilik və çalışqanlıq keyfiyyətləri ilə seçilmirdi”

 

Elxan Tahirov, “İstək” liseyinin müəllimi:   İlk dəfə Emin Qayıbovla 2014- cü ildə Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasına (İJSO 2014) hazırlıq zamanı tanış olduq.  Emin çox ciddi və məsuliyyətli bir şagird təsəvvürü yaradırdı. 9-cu sinif  şagirdi olmasına baxmayaraq bir şəxsiyyətlə ünsiyyətdə olduğumu hiss edirdim. Nə istədiyini bilən, hədəfləri olan və bu hədəflərə doğru əzmlə addımlayan bir şagirdə dərs dediyimi başa düşmüşdüm.  Komanda olaraq yaxşı hazırlaşsaq da, o olimpiadadan bir medalla qayıtdıq. Emin  həmin il yaxşı bal toplamasına baxmayaraq, medal almamışdı. Amma medal almamağı onu sındırmamışdı. Əksinə, daha da əzmlə çalışmağa başlamışdı. Biz onunla birlikdə Beynəlxalq Biologiya Olimpiadasına hazırlıq dərslərində də məşğul olurduq. Artıq 10-cu sinif idi, biliklərini artırmışdı. Bəzi məqamlarda qarşısındakı müəllimdən çox bilsə də,  heç vaxt bunu büruzə vermirdi, bu da onun təvazökarlığından irəli gəlirdi. Bu cür məqsədyönlü və əzmkar çalışma öz nəticəsini  bir il sonra, Cənubi Koreyada keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında (İJSO 2015) verdi. Emin bu olimpiadada bürünc medal qazandı. Emin təkcə bilik və çalışqanlıq keyfiyyətləri ilə seçilmirdi. 2016- cı ilin iyulunda biz Eminin də tərkibində olduğu komanda ilə Vyetnamda keçiriləcək Beynəlxalq Biologiya Olimpiadasına gedərkən İstanbul üzərindən getməli olduq. Bizim təyyarəmiz Türkiyəyə enəndə Türkiyədə hərbi çevrilişə cəhd olmuşdu. Hələ 15-16 yaşında olan bu yeniyetmələrin bu cür hadisə qarşısında soyuqqanlılıqlarını qorumaları, 2 gün gecikməyimizə, hava limanında qalmağımıza baxmayaraq, yenə də olimpiadada iştirak etmək istədiklərini bildirdikdə, mən başa düşdüm ki, bu şagirdlər nəinki elmi, həm də yüksək şəxsi keyfiyyətlərə malik yeniyetmələrdir. Emin çoxsaylı müsbət keyfiyyətlərə malik bir şagird idi, amma onun nizam-intizamı ən yadda qalan keyfiyyətlərindən biridir.

Sonda biz də Eminə  təhsil həyatında və elmi fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayır və ümid edirik ki, o, tibb  sahəsinin görkəmli mütəxəssisi kimi yetişərək  öz uğurları ilə ölkəmizi dünya elm səhnəsində bundan sonra da layiqincə təmsil edəcək.

 

“Azərbaycan müəllimi” qəzeti


5 il əvvəl