• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxu öz işinə başlayıb

Martın 23-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxu öz işinə başlayıb.

Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxu “Beynəlxalq Assosiasiya” İctimai Birliyinin Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin, ADPU-nun və Azərbaycan Respublikası Humanist Pedaqogika Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir. Tədbirin yüksək səviyyədə keçirilməsi məqsədi ilə 22 nəfərdən ibarət Təşkilat Komitəsi yaradılıb. 3 gün davam edəcək oxuda respublikamızın və xarici ölkələrin humanist pedaqogika sahəsində çalışan tanınmış, nüfuzlu alim və mütəxəssisləri, gənc müəllimlər iştirak edir.

Plenar iclaşın açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

ADPU-nun rektoru Cəfər Cəfərov tədbiri giriş sözü ilə açaraq bildirib ki, “Ailə insan mədəniyyətinin beşiyidir” mövzusunda keçirilən Humanist Pedaqogika üzrə XVII Beynəlxalq Oxuya müxtəlif xarici ölkələrdən 300 nəfərdən çox iştirakçı qatılıb. Belə bir tədbirin keçirilməsini universitetin həyatında əlamətdar hadisə adlandıran rektor beynəlxalq oxunun əhəmiyyətini vurğulayıb, verilən dəstəyə görə Beynəlxalq Humanist Pedaqogika Mərkəzinə və Təhsil Nazirliyinə təşəkkür edib.

Plenar iclasda Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin fəxri prezidenti, Rusiya Təhsil Akademiyasının akademiki Şalva Amonaşvili “Ailə, uşaqlar, həyat” mövzusunda çıxış edib. Akademik Azərbaycanda belə bir beynəlxalq tədbirin keçirilməsindən məmnunluq duyduğunu bildirib, buna görə Təhsil Nazirliyinin və ADPU-nun rəhbərliyinə minnətdarlıq edib.

Çıxışını ayrı-ayrı nümunələr əsasında quran akademik Şalva Amonaşvili bildirib ki, şagirdlərin tərbiyəsi pedaqoji ustalıq, həssaslıq, yüksək mədəni səviyyə tələb edir. Humanist pedaqogikaya görə, müəllim yalnız bilikləri öyrətməklə kifayətlənmir, o şagirdlərə ürəyinin işığını verir, onlar üçün fədakarlıqla çalışmağı özünün ali məqsədi, başlıca hədəfi bilir.

Təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək Beynəlxalq Humanist Pedaqogika Mərkəzinin Azərbaycanda müxtəlif elmi-praktik konfranslar, seminarlar, ustad dərsləri və digər tədbirlər keçirdiyini bildirib. Beynəlxalq oxunun təhsil sahəsi üçün vacib olduğunu qeyd edən Ceyhun Bayramov  həmçinin, ailənin müqəddəs, ailə tərbiyəsinin isə zəruri olduğunu vurğulayıb.

Çıxışının sonunda beynəlxalq oxunun səmərəli keçəcəyinə əminliyini ifadə edən Ceyhun Bayramov iştirakçılara uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Tallin şəhərinin vitse-meri Vadim Belobrovçev, tarix elmləri doktoru, professor Fuad Məmmədov çıxış edərək beynəlxalq oxuların çox aktual mövzuya həsr edildiyini və bu mövzuya konseptual yanaşmanın vacib olduğunu bildirib. Qeyd edilib ki, ailə ümumi mənəvi birlik, qarşılıqlı hörmət və anlaşma əsasında formalaşmalıdır. Ailə dəyərləri müqəddəs tutulmalı, ailə institutu qorunub-saxlanılmalıdır.

Daha sonra əməkdar elm xadimi, professor Rəfiqə Əzimova “Azərbaycan ailəsinin ənənələri”, kimya elmləri üzrə fəlsəfə doktoru Klara Mansurova “Xalqların bütövləşməsində ailənin rolu və əhəmiyyəti”, Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov “Ailə kainatın kosmik simfoniyasında əsas həyati dəyərdir” mövzularında çıxış ediblər.

Sonra beynəlxalq oxu öz işini ustad dərslərində və laborator məşqlərdə davam etdirib, ailənin genetik kodu, ailə institutunun cəmiyyətdəki rolu, ailənin uşağın tərbiyəsində və inkişafında əhəmiyyəti, uşaqlarda ailə dəyərlərinin tərbiyə edilməsi, müasir ailə və zamanın çağırışları, valideynliyin dərk edilməsi və digər vacib mövzularda təqdimatlar edilib, müzakirələr aparılıb.

Tədbirin ilk günündə İmanuel Kant adına Baltik Federal Universitetinin tələbələrinin ifasında “Fənərçi”, E.İ.Mışkinin müəllifi və quruluşçu rejissoru olduğu “3-cü mərtəbə” tamaşaları nümayiş etdirilib.

Beynəlxalq oxu martın 25-də yekunlaşacaq. Tədbirin sonunda mükafatlandırma mərasimi keçiriləcək, fəal iştirakçılara sertifikatlar təqdim ediləcək. Humanist Pedaqogika üzrə XVIII Beynəlxalq Oxunun mövzuları qəbul ediləcək, məkanı və vaxtı müəyyənləşdiriləcək.

Tədbir çərçivəsində iştirakçılar Azərbaycanın tarixi və mədəni yerləri ilə tanış ediləcək.


5 il əvvəl