09.03.2018

Məntiq olimpiadasının qalibləri mükafatlandırılıb

Martın 9-da Lütfi Zadə adına Məktəblilərarası II Məntiq Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva, İSTƏK liseyinin direktoru Samir Şəmiyev, BŞTİ-nin struktur bölmə rəhbərləri, məktəb direktorları, təhsil ictimaiyyətinin nümayəndələri, valideynlər, şagirdlər və KİV nümayəndələri iştirak ediblər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 20 nömrəli məktəb-liseydə təşkil olunan tədbirdə öncə olimpiadanın gedişi və qaliblərdən bəhs edən videoçarx nümayiş olunub, olimpiada haqqında qısa hesabat nəzərə çatdırılıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışının qaliblərini təbrik edib, olimpiadanın istedadlı məktəblilərin formalaşdırılmasındakı müstəsna rolundan danışıb. F.Qurbanov son illərdə təhsil sahəsində şagirdlərin bilik və bacarıqlarının inkişafı istiqamətində böyük işlər görüldüyünü bildirib.

İstedadlı şagirdlərin seçilib inkişaf etdirilməsində Olimpiadalara Hazırlıq Mərkəzlərinin fəaliyyətini xüsusi vurğulayan nazir müavini gələcəkdə məntiq olimpiadasının coğrafiyasının daha da genişləndirilməsinin mümkünlüyünü nəzərə çatdırıb.

BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onları həvəsləndirmək, məktəblilər arasında məntiqə olan marağı artırmaq istiqamətində müvafiq addımlar atıldığını bildirib.

M.Vəliyeva artıq 2-ci ildir ki, V-VI sinif şagirdləri arasında təşkil olunan Lütfi Zadə adına Məntiq Olimpiadasının məktəblilər tərəfindən maraqla qarşılandığını söyləyib. II Məntiq Olimpiadasının final mərhələsində 1859 şagirdin iştirak etdiyini deyən İdarə müdiri onlardan 59 nəfərin finalda 80 faiz həddi keçərək mükafatçılar siyahısına düşdüyünü, 842 şagirdin isə 50-80 faiz arasında nəticə göstərərək olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görüldüyünü qeyd edib.

İSTƏK liseyinin direktoru Samir Şəmiyev Məntiq Olimpiadasının Azərbaycanda məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdlərin istedadlarının erkən yaşlarda aşkarlanması və  onların dünya olimpiadalarında ölkəmizi layiqincə təmsil etməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmri əsasında BŞTİ və İSTƏK liseyinin birgə təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

Sonda olimpiadada yüksək nəticələr əldə etmiş şagirdlərə medal, diplom və qiymətli hədiyyələr təqdim olunub.

Onu da qeyd edək ki, martın 15-i Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadasına start veriləcək.

 


Açar sözlər: ,