02.03.2018

İnformatika fənni üzrə pilot layihənin tətbiq olunduğu təhsil müəssisəsinə mediatur

Martın 2-də informatika fənninin yeni formatda tədrisi üzrə pilot layihənin tətbiq olunduğu Bakı Avropa Liseyinə mediatur keçirilib.

Media nümayəndələrinə məlumat verilib ki, layihə informasiya texnologiyaları (İT) sistemləri və rəqəmsal bacarıqların öyrədilməsi üzrə proqramlar hazırlayan "Alqoritmika" beynəlxalq təhsil şirkəti ilə birgə həyata keçirilir. Pilot layihə alqoritmik düşüncə və məntiqin, layihə işləmə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan verir. 

Cari tədris ilinin əvvəlindən Təhsil Nazirliyi uşaqlara proqramlaşdırmanın tədrisi məqsədi ilə informatika fənni üzrə pilot layihənin mərhələlər üzrə tətbiqinə başlayıb. Hazırda Bakı şəhərində 45 məktəb üzrə 240 sinifdə  6500-ə yaxın V sinif şagirdi informatika fənnini yeni formatda öyrənir. Bu fənn üzrə dərsləri tədris edən 190 müəllim Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) xüsusi hazırlanmış peşəartırma təlimində iştirak ediblər.

Qeyd olunub ki, dərs zamanı müəllim və şagirdlərin vahid rəqəmsal sistemdə fəaliyyəti üçün fərdi hesablar yaradılıb. Şəxsi kabinetdə müəllim sinfin fəaliyyətini izləyə, şagirdlər isə müxtəlif növ rəqəmsal məzmun yarada bilərlər. Rəqəmsal sistemin uğurlu tətbiqi üçün sözügedən 45 məktəb üzrə İKT infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçirilib. Belə ki, 42 yeni kompüter otağı istifadəyə verilib, 1350 kompüterlə təchiz edilib, yüksək sürətli internet xəttləri çəkilib.

Dünyanın bu sahədə özünü doğruldan ən innovativ metodikalarından istifadə edilməklə peşəkar metodist və pedaqoqlar tərəfindən hazırlanan proqram  bu sahə üzrə ən yaxşı təcrübələri özündə birləşdirir. Proqram  fərdi təlim,  nəzəriyyə və tətbiqi yanaşma, fənlərarası əlaqə və motivasiyanın artırılması prinsiplərinə əsaslanır.

Proqram uşaqlarda məntiqi, kreativ və alqoritmik düşünmə qabiliyyətinin inkişafında mühüm rola malikdir.  Rusiya, Qazaxıstan, Polşa, İsrail və Avstraliyada müvəffəqiyyətlə həyata keçirilən “Alqoritmika” dərsləri uşaqlara təkcə proqramlaşdırmanı deyil, biliyin praktikada tətbiqi bacarıqlarını da öyrədir.

İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi ilə şagirdlərin kompüter savadlılığının   yüksəldilməsi, onların yüksək texnoloji ixtisaslara marağının artırılması nəzərdə tutulur. Proqramlaşdırma sahəsində ixtisaslı kadr hazırlığına diqqətin artırılması  bu sahədə ölkəmizin   beynəlxalq miqyasda  rəqabətədavamlılıq əmsalını artıracaq. Bu baxımından inkişaf etmiş ölkələrin məktəb proqramlarının əsas trendi hesab olunan təhsilalanlara  rəqəmsal bacarıqların öyrədilməsi  zərurəti ölkəmizin ümümtəhsil şəbəkəsi üçün də mühüm əhəmiyyət kəsb edir.


Açar sözlər: ,  ,  ,