19.02.2018

SABAH II Karyera Qış Məktəbində təlimlər başa çatıb

SABAH Karyera Akademiyası çərçivəsində Qubada keçirilən SABAH II Karyera Qış Məktəbində təlimlər başa çatıb.

Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq olub.

Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində keçirilən təlimdə 100-ə yaxın tələbə iştirak edib. Təlimlərdə SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzularında təlim keçiblər. Həmçinin tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə məlumatlar əldə ediblər.

Təlimlərdə iş həyatına yeni başlamağa hazırlaşan gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlanması və iş həyatında uğur əldə etməsi ilə bağlı istiqamətlər verilib.

Layihə çərçivəsində SABAH əməkdaşlarının tədrisin təşkilinə dair seminarı keçirilib. Seminarda SABAH İcra Komitəsinin Tədris işləri üzrə rəhbəri, ali təhsil müəssisələrinin SABAH mərkəzinin rəhbərləri və təhsil ekspertləri tərəfindən ali təhsil müəssisələrinin hüquqi statusu, strukturu, bakalavriat səviyyəsində təhsil proqramları, standartlar, kreditlərin hesablanması, müəllimin illik dərs yükünün həcmi və strukturu, müəllim- tələbə etik davranış qaydaları, qabaqcıl xarici təcrübə ilə müqayisəli təhlil, müəllimlərin tədris keyfiyyətinin monitorinqi mövzularında təlim keçirilib. Seminarda təhsil qanunvericiliyi, onların tətbiqi məsələləri, mövcud problemlər və həlli istiqamətində geniş müzakirələr aparılıb.

İki gün davam edən təlimlərin sonunda təlimçilərə SABAH qrupları layihəsi tərəfindən təşəkkürnamələr, tələbələrə isə sertifikatlar verilib.

SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb.

Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib.

Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics”,"Youth Inc" və s.) və təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək olublar.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.


Açar sözlər: ,