13.02.2018

Fənn olimpiadaları ilə bağlı təklif və şikayətlərə baxılacaq

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq. Nəticələrindən narazı qalan iştirakçılar öz işlərinə yenidən baxılması üçün yerli Təşkilat komitələrinə - müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) ərizə ilə müraciət edə bilərlər. Müraciətlər fevralın 15-dək qəbul ediləcək.

Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. 

Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir.

Olimpiadanın növbəti mərhələsinin  aprel ayında keçirilməsi planlaşdırılır.

Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.


Açar sözlər: ,