• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

Gənclərimiz ölkəmizin inkişafında mühüm töhfələr verir

Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

 

Nadir HÜMBƏTƏLİYEV,
Böyük Britaniyanın Kembric Universitetinin məzunu

 

1985-ci il 2 aprel tarixində Bakıda anadan olub. 2001-ci ildə Bakıdakı 129 nömrəli tam orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi qazanıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində “Maliyyə” ixtisası üzrə magistratura təhsili alıb. Kembric Universitetinin “Judge” Biznes Məktəbinin xüsusi təqaüdünə layiq görülüb. Peşəkar fəaliyyətinə 2008-ci ildə audit və konsaltinq xidmətləri göstərən PwC şirkətində başlayıb. Bu müddətdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin auditində mütəxəssis və aparıcı mütəxəssis kimi iştirak edib. Daha sonra yerli və xarici layihələrdə maliyyə direktoru və məsləhətçi qismində çalışıb, maliyyənin bir çox sahəsində bilik və bacarıqlarını dərinləşdirməklə yanaşı daha geniş mənada idarəetmə təcrübəsinə yiyələnib. Peşəkar təcrübə ilə yanaşı bəzi sosial və humanitar yönümlü layihələrdə də iştirak edib, çalışdığı şirkətlərin əksəriyyətində yenilikçi və orijinal təşəbbüslər irəli sürüb. Uzunmüddətli hədəfi texnoloji yönümlü və daha çox elmtutumlu şirkətin qurulmasına nail olmaq və azərbaycanlı gənclərin reallaşdırdığı buna bənzər platformaların inkişafında iştirak etməkdir. Hazırda Gilan Holding şirkətinin “Crescent Development” adlı layihəsində maliyyə direktoru vəzifəsində çalışır.


 

Mövlud MÖHBALI,
Fransanın Paris XI Universitetinin məzunu

 

1991-ci il sentyabrın 11-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq kəndində anadan olub. VII sinfə qədər Bakıdakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə təhsilini Bakı Özəl Türk Liseyinin filialı olan Dədə Qorqud Özəl Türk Liseyində davam etdirib. 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisasına, eyni zamanda YÖS proqramı əsasında Türkiyə Cümhuriyyətinin Qazi Universitetinin “Maliyyə və kredit” fakültəsinə qəbul olunub. Elə həmin ildə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli Sərəncamına əsasən Fransa Respublikasında təhsil almaq üçün Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə iştirak edib və uğur qazanıb. 2008-2009-cu illərdə Fransanın Bezanson şəhərindəki Dil Mərkəzində fransız dili üzrə hazırlıq kursunu müvəffəqiyyətlə başa vuraraq Paris XI Universitetinə daxil olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Paris XI Universitetində “İnformatika metodlarının müəssisələrin idarəedilməsinə tətbiqi” ixtisası üzrə bakalavr, daha sonra magistr pillələrində təhsil alıb. Hazırda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” şirkətində Marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışır.


 

Cəfər MƏHƏRRƏMOV,
Belçikanın Gent Universitetinin məzunu

 

1981-ci il avqustun 23-də Gəncə şəhərində anadan olub. 1998-ci ildə şəhər 9 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqronomluq” fakültəsinə daxil olub. 2002-ci ildə universitetin bakalavr təhsil pilləsini uğurla bitirərək Gəncə şəhərində yerləşən Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunda işə başlayıb. 2005-ci ildə ADAU-nun “Bitki mühafizəsi” ixtisası üzrə magistratura təhsil pilləsinə daxil olub. Magistraturada təhsil aldığı zaman universitetin də iştirak etdiyi Avropanın Tempus layihəsi çərçivəsində imtahanlardan müvəffəqiyyətlə çıxaraq ilk dəfə xaricdə təhsil almaq hüququnu əldə edib. 2007-ci ildən magistratura təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Belçikanın Gent Universitetində davam etdirib. Magistratura təhsilini başa vurduqdan sonra Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunda elmi işçi, 2008-ci ildə ADAU-nun elm və beynəlxalq şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Dövlət Proqramı çərçivələrində 2010-2014-cü illərdə “Tətbiqi biologiya” ixtisası üzrə Belçikanın Gent Universitetində doktorantura təhsili alıb. Belçika hökumətinin xüsusi elmi fondu hesabına 2015-ci ilədək təqaüd qazanıb. 22 yanvar 2015-ci il tarixində Gent Universitetində elmi işini müdafiə edərək “Tətbiqi biologiya” ixtisası üzrə fəlsəfə elmləri doktoru dərəcəsinə layiq görülüb. Hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi” layihəsində mütəxəssis kimi çalışır.


 

Pünhan HÜSEYNOV,
Polşa Respublikasının Varşava Universitetinin məzunu

 

1992-ci il 7 may tarixində Naxçıvan şəhərində anadan olub. 1998-2009-cu illərdə Naxçıvan şəhəri Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. 2008-ci ildə məktəblilər arasında keçirilən riyaziyyat fənn olimpiadasının qalibi olub. 2009-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 637 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olunub. 2013-cü ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub.

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü kimi 2013-2015-ci illərdə Polşa Respublikasının Varşava Universitetində “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura təhsili alıb. Polşada təhsil aldığı dövrdə “ Polşada Azərbaycan Gənclər Birliyi”nin həmtəsisçisi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mövzusunda bir neçə tədbirin təşkilatçısı olub.

Magistratura təhsilini bitirdikdən sonra 2015 -2016-cı illərdə Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2016-cı ildən indiyədək SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində neft və neft məhsullarının ixracı üzrə ekspert vəzifəsində çalışır.


 

Günel ƏZİZOVA,
Böyük Britaniyanın London İmperial Kollecinin məzunu

 

19 mart 1993-cü il tarixində Lerik rayonunun Çayrud kəndində anadan olub. Orta təhsilini Bakıda Binə qəsəbəsində yerləşən 117 nömrəli tam orta məktəbdə alıb. 2010-cu ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) “Kimya mühəndisliyi” fakültəsinə (ingilisdilli) qəbul olub. 2014-cü ildə Mövlana Mübadilə Proqramının təqaüdçüsü olaraq təhsilini Türkiyənin İstanbul Texniki Universitetində (İTU) davam etdirmək şansı qazanıb. 2013-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), BP kompaniyasının, Türkiyənin PETKİM Neft-Kimya Holdinqin müəssisələrində təcrübə keçib. 2015-ci ildə Qafqaz Universitetinin “Kimya mühəndisliyi” ixtisasını fərqlənmə ilə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı illərdə Böyük Britaniyanın London İmperial Kollecində “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alıb.

2017-ci ilin sentyabrından Bakı Mühəndislik Universitetində müəllim vəzifəsində çalışır.


 

Azərxan ƏSƏDLİ,
İtaliyanın Pisa Universitetinin məzunu

 

1992-ci il martın 10-da Bakı şəhərində anadan olub. 2009-cu ildə Suraxanı rayonu Cavanşir Rəhimov adına məktəb-liseyi bitirib. Riyaziyyat fənni üzrə şəhər, ingilis fənni üzrə isə rayon olimpiadalarında birinci yerə layiq görülüb. Bundan əlavə, intellektual oyunlara da qatılıb. “LG bilik akademiyası” verilişinin qalibi olub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 667 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə daxil olub. Prezident təqaüdünə layiq görülüb və universiteti fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda təhsil aldığı müddətdə “Bank of Baku” ASC-nin Satış Kanallarının İdarə edilməsi Departamentində ekspert kimi çalışıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın Pisa və Sant Anna universitetlərində “İqtisadiyyat” ixtisası üzrə magistratura təhsili alıb. İtaliyada təhsil aldığı dövrdə Azərbaycan diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə fəal iştirak edib. Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının “İqtisadiyyat və təbiət fənləri” kafedrasında baş müəllim vəzifəsində çalışır.


 

Elçin ƏLİYEV,
Böyük Britaniyanın London Queen Mary Universitetinin məzunu

 

8 may 1992-ci il tarixində Ukraynanın Sevastopol şəhərində anadan olub. 1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2005-ci ildən təhsilini Naxçıvan Türk Liseyində davam etdirib. 2008-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən riyaziyyat olimpiadasında III yerə çıxaraq bürünc medala layiq görülüb. 2010-cu ildə liseyi fərqlənmə attestatı ilə bitirib, təhsil dövründə əldə etdiyi nailiyyətlərə görə qızıl medala layiq görülüb. Həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 670 bal toplayaraq “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə Böyük Britaniyanın London şəhərində yerləşən “Queen Mary University of London” Universitetində “Mühasibat uçotu və maliyyə” ixtisası üzrə magistratura təhsili alıb. 2016-cı ilin dekabr ayından etibarən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Xidmətlər departamentində işləyir.


 

Şəhriyar FƏTULLAYEV,
Türkiyənin Ankara Universitetinin məzunu

 

1987-ci il 10 sentyabr tarixində Cəlilabad rayonunda anadan olub. 2004-cü ildə Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbi yüksək qiymətlərlə bitirib. Elə həmin il ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsinə daxil olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2011-2016-cı illərdə Türkiyə Respublikası Ankara Universitetinin “Tibb” fakültəsinin İbn Sina Xəstəxanasında “Ortopediya və travmatologiya/əl cərrahiyyəsi” kafedrasında rezidentura təhsili alıb. “Yuxarı və aşağı ətraf sümük şişlərində, ətraf qoruyucu cərrahiyyə əsasında damarlı fibula qrefti ilə rekonstruksiya sonrasında sümük sağalma müddətinin müqayisəli qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edib. Türkiyədə ortopediya və travmatologiyanın aktual problemlərinə dair çoxsaylı beynəlxalq konfranslarda iştirak edib. Mərkəzi Gömrük Xəstəxanasında, “Caspian İnternational Hospial”da ortopediya və travmatologiya uzmanı olaraq çalışıb. Hazırda “Baku Medical Plaza”da ortopediya və travmatologiya uzmanı kimi fəaliyyət göstərir.

 

“Azərbaycan müəllimi” qəzeti


6 il əvvəl