• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil Nazirliyi gənc müəllimləri mükafatlandırıb

Fevralın 1-də Gənclər Günü ərəfəsində bir qrup gənc müəllimlə görüş keçirilib.

Əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Daha sonra Təhsil Nazirliyinin rəhbər heyəti və müəllimlər Bakı Marionet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” muğam operasının tamaşasını izləyiblər.

Sonra təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov gənc müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb. Natiq ulu öndərimiz Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.

Ceyhun Bayramov bildirib ki, son illər müəllimlərin peşəkarlıq səviyyəsinin və nüfuzunun artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. Ceyhun Bayramov həmçinin, müəllimlərin işə qəbulu üzrə müsabiqənin şəffaf keçirilməsi nəticəsində ötən il 6000-dək müəllimin işə qəbul olunduğunu və onların 3794 nəfərinə həvəsləndirmə tədbirləri tətbiq edildiyini deyib. Qeyd edib ki, bu gün ölkəmizin ümumi təhsil müəssisələrində 151 458  müəllim çalışır, onlardan 42 263 nəfəri 35 yaşadək olan gənc müəllimdir. Bu da müəllimlərin ümumi sayının 28 faizi deməkdir.

Daha sonra Ceyhun Bayramov həvəsləndirmə tədbirləri çərçivəsində ucqar bölgələrdəki ümumtəhsil məktəblərinin kadr təminatının əhəmiyyətli şəkildə yaxşılaşdığından, təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq məqsədi ilə bu tədris ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsindən və cari ildə hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrdən danışıb.

Ölkəmizin müxtəlif bölgələrində çalışan gənc, müasir, savadlı və peşəsinə bağlı olan müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında onların böyük rolunu vurğulayıb. Natiq müəlimlərin xoş sədasının, əldə etdikləri uğurların təhsil sahəsində aparılan islahatların müsbət nəticəsi və islahatlara davam etməyin əlavə stimulu kimi dəyərləndirib.

Görüşdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktor əvəzi Vəfa Yaqublu çıxış edərək müasir müəllimin üzərinə düşən vəzifələri diqqətə çatdırıb, həmçinin müəllimləri Gənclər Günü münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıblar.

Tədbirdə gənc müəllimlərdən Beyləqan rayonu Tatalılar kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Mürsəl Behbudlu, Ağdaş rayonu Cardam kənd tam orta məktəbinin  tarix müəllimi Anar İbrahimli, Daşkəsən rayonu  Dəstəfur kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar İsmayılova, Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Şəbnəm Uğurlu, Lənkəran rayonu Gəgiran kənd tam orta məktəbinin tarix müəllimi Həbib Əlizadə, Quba rayonu Möhüc kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Yolçubəyli, İsmayıllı rayonu İstisu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi Şahid Muradlı və digərləri çıxış edərək öz fəaliyyətləri haqqında danışıb, onlara göstərilən diqqət üçün təşəkkürlərini bildiriblər.

Sonda müəllimlərə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” və hədiyyələr təqdim edilib.


6 il əvvəl