25.01.2018

Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu

Yanvarın 25-də Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Azərbaycan Tələbə-Könüllülərinin 3-cü Forumu keçirilib.

Forumun keçirilməsində əsas məqsəd tələbələr arasında könüllülük hərəkatının inkişafına, tələbələrin ictimai həyatda fəal iştirakının stimullaşdırılmasına yardım etməkdən ibarətdir.

Forumda təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov,  gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, millət vəkilləri, 300-ə yaxın tələbə-könüllü  iştirak edib.

Dövlət himni səsləndirildikdən sonra tələbələrin könüllülük fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Forum iştirakçılarını salamlayan Ceyhun Bayramov tədbirin əhəmiyyətini diqqətə çatdıraraq ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasəti, bu istiqamətdə görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə məlumat verib. Ceyhun Bayramov bu gün savadlı və hazırlıqlı, milli dəyərlərə sahib, qloballaşan dünyanın çağırışlarına hazır olan gənc nəslin yetişdirilməsinin Azərbaycan təhsilinin başlıca hədəfi olduğunu vurğulayıb.

Təhsil Nazirliyi tərəfindən reallaşdırılan çoxsaylı layihələr içərisində “Bir” Tələbə-Könüllü Proqramının mühüm yer tutduğunu bildirən Ceyhun Bayramov qeyd edib ki, son illərdə ölkəmizdə keçirilmiş beynəlxalq səviyyəli tədbirlərin təşkilində tələbə-könüllülərin fəaliyyəti danılmazdır. “BİR” tələbə-könüllüləri beynəlxalq tədbirlərin uğurla keçirilməsinə öz töhfələrini verirlər. Bu isə öz növbəsində növbəti illərdə Azərbaycanda keçiriləcək ölkə və beynəlxalq miqyaslı tədbirlər üçün təcrübəli könüllülər ordusu deməkdir.

Daha sonra çıxış edən gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov tələbə-könüllülərə tövsiyələrini bildirib, forumun işinə uğurlar arzulayıblar.

Tədbirdə Azərbaycanda könüllülük sahəsində ilk dəfə olaraq www.konullu.edu.az portalının təqdimatı keçirilib. Qeyd olunub ki, hər bir tələbə-könüllünün iştirak etdiyi tədbirlərə dair sertifikat həmin portalda onlara məxsus şəxsi səhifədə yerləşdiriləcək.

Forumda ilin ən fəal tələbə-könüllüləri mükafatlandırılıb.

Təhsil Nazirliyinin "Bir" Tələbə-Könüllü Proqramı ölkəmizin inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır. Hazırda 21 ali və 16 orta ixtisas təhsili müəssisəsini əhatə edən proqram 15 000-dən artıq könüllü bazasına sahibdir.


Açar sözlər: ,