24.01.2018

Uşaq-Gənclər İnkişaf mərkəzlərinin hesabat tədbiri

Təhsil Nazirliyində Bakı şəhərində yerləşən yaradıcılıq profilli Uşaq-Gənclər İnkişaf mərkəzlərinin qısa fəaliyyət dövrünü əhatə edən hesabat tədbiri keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əməkdaşları, Bakı şəhərində yerləşən Uşaq-Gənclər İnkişaf mərkəzlərinin direktorları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov məktəbdənkənar təhsil sahəsində həyata keçirilən islahatlar, strateji hədəflər və qarşıya qoyulan məqsədlər barədə tədbir iştirakçılarına məlumat verib.

Daha sonra mərkəz direktorları fəaliyyətlərinə dair təqdimatlarla məktəbdənkənar təhsil sahəsindəki dəyişikliklər və yeniliklər, keçirilən layihələr barədə çıxış ediblər.

Tədbir zamanı məktəbdənkənar təhsil sahəsindəki prioritet istiqamətlər, ümumi işin gedişatına və inkişafına təsir edən məsələlər ilə bağlı müzakirələr aparılıb, həmçinin müəssisə direktorlarına müvafiq tapşırıqlar verilib.


Açar sözlər: