• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bir olimpiadadan beş medal

Şagirdlərimiz Beynəlxalq Elm Olimpiadasında növbəti uğura imza atıblar

 

Son illər istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində məktəblilərimizin dünyanın nüfuzlu elm müsabiqələrində əldə etdiyi uğurlar bizi sevindirməyə bilməz. Şagirdlərimzin beynəlxalq olimpiadalardan başlayan uğur hekayəti onları dünyanın ən reytinqli universitetlərinin auditoriyalarına qədər müşayiət etməkdədir.

Bu günlərdə isə onların xoş sorağını dünyanın nüfuzlu olimpiadalarından hesab olunan Niderlandın Neymegen şəhərində keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasından (International Junior Science Olympiad - IJSO) aldıq. 50-dən çox ölkədən 300 şagirdin qatıldığı bu mötəbər elm yarışında Azərbaycan məktəbliləri fizika, kimya və biologiya fənləri üzrə biliklərini nümayiş etdirərək 5 bürünc medal qazanıblar. Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin X sinif şagirdləri Kənan Ağayev və Əli Əliyev, Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin X sinif şagirdi Turan Bayramlı, Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin XI sinif şagirdi Turan Məmmədli və Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi Fərid Əliyev olimpiadanın bürünc medalına layiq görülüblər.

Qeyd edək ki, yeniyetmələrin beynəlxalq elm olimpiadası iki nəzəri və bir təcrübi tur olmaqla ümumilikdə 3 mərhələdə keçirilir. 2004-cü ildən etibarən bu olimpiadada iştirak edən Azərbaycan məktəbliləri 4 gümüş, 33 bürünc olmaqla 37 medal qazanıblar. Olimpiadanın əsas məqsədi şagirdlərin təbiət elmlərinə marağını artırmaqdır. Qaliblərlə daha yaxından tanış olaq.

 

 

“Azərbaycanı yüksək səviyyədə təmsil etmək istəyirəm”

Əli Əliyev,
Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi

2002-ci il iyulun 15-də Bakı şəhərinin Zirə qəsəbəsində anadan olub. Zirə qəsəbəsindəki Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə ibtidai təhsilinə başlayıb. VIII sinifdə beynəlxalq fənn olimpiadalarına hazırlıq mərkəzinə qəbul üçün keçirilən imtahanlarda kimya fənni üzrə iştirak edib və adıçəkilən mərkəzə qəbul olunub. Daha sonra Kimya-biologiya təmayüllü respublika liseyində keçirilən dərslərdə iştirak edib. IX sinifdə adıçəkilən tədris müəssisəsinə qəbul olunub. İndiyə kimi 2 beynəlxalq olimpiadada - Qazaxıstanın Astana şəhərində keçirilən 51-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında və Rusiyanın Moskva şəhərində keçirilən Meqapolis olimpiadasında iştirak edib. Mendeleyev olimpiadasından medalsız qayıtsa da, müəllimlərinin dəstəyi və öz səyləri sayəsində Meqapolis olimpiadasında bürünc medal qazanıb.

- Oktyabr ayında olimpiadaya ilk seçmə mərhələsi keçirildi. Bu seçmə imtahanının nəticələrinə görə fərqlənmiş ən yaxşı 6 nəfər Azərbaycanı İJSO 2017-də təmsil edəcək şagirdlər elan olundu. Onlara yenə dərslər keçildi. Dekabrın 3-də olimpiadada iştirak etmək üçün Niderlandın Arnhem şəhərinə yollandıq. Olimpiadanı çox gözəl təşkil etmişdilər. Bir çox fərqli ölkələrdən, fərqli mədəniyyətlərdən gələn uşaqlarla tanış oldum. Qısaca olimpiada mənim üçün çox maraqlı və gözəl keçdi. Müəllimlər olimpiada imtahanlarında yüksək nəticə göstərə bilməyimiz üçün bizi lazımi biliklərə yiyələndirdilər. Bunun üçün lazımi şəraiti yaratdılar, həmçinin bizi olimpiadanın keçirilməsi ilə bağlı məlumatlandırdılar.

Mən gələcəkdə də bu cür beynəlxalq elm olimpiadalarında iştirak etmək, Azərbaycanı yüksək səviyyədə təmsil etmək istəyirəm.


“Ən çox çətinliklərimiz praktika ilə bağlı oldu”

Kənan Ağayev,
Kimya-biologiya təmayüllü Respublika liseyinin şagirdi

16 iyun 2002-ci ildə Bakıda anadan olub. I-VIII sinifləri Zirə qəsəbəsi 241 nömrəli tam orta məktəbdə oxuyub. VI sinifdən respublika üzrə keçirilən “Alplogo” proqramlaşdırma yarışmasında iştirak edərək 3-cü yerə layiq görülüb. VIII sinifdə kimya fənni üzrə respublika fənn olimpiadasında iştirak edib. IX sinifdən başlayaraq kimya-biologiya təmayüllü liseydə təhsil alır.

- 2017-ci ilin dekabrında Niderlandın Neymegen şəhərində keçirilmiş 14-cü yeniyetmələrin fənn olimpiadasında iştirak etmiş və bürünc medala layiq görülmüşəm. 50 ölkənin iştirak etdiyi olimpiadada mövzu olaraq “su və davamlılıq” seçilmişdi. Olimpiada digər illərə nisbətən ən çətini idi. Olimpiadada ən çox çətinliklərimiz praktika ilə bağlı oldu. Bəzi tədris avadanlıqlarının olmaması isə bizə problemlər yaratdı. Müəllimlərimiz kimyadan İqrar Nəzərov, biologiyadan Elxan Tahirov, fizikadan Rəşadət Qədimalıyev idi. Olimpiada zamanı bizi Niderlandın gəzməli və görməli yerlərinə apardılar.


“Bayrağımı dalğalandırmaq şansı əldə etdiyim üçün çox sevincliyəm”

Turan Məmmədli,
Lənkəran şəhəri 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin eksperimental pilot siniflərinin şagirdi

2002-ci il yanvarın 14-də Xızı rayonunun Giləzi kəndində anadan olub. 2007-ci ildə Giləzi kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2008-ci ildən 2013-cü ilə qədər təhsilini Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Vüqar Mürsəlov adına 1 nömrəli orta məktəbdə davam etdirib. 2014-cü ildə “İstək” liseyinin keçirdiyi qəbul imtahanında yüksək nəticə göstərərək liseyə qəbul olunub. Hazırda Lənkəran “İstək” liseyində təhsilini davam etdirir.

- Olimpiada dekabr ayının 3-dən 12-ə qədər Hollandiyanın Neymegen şəhərində 50 ölkənin istirakı ilə təşkil olunmuşdu. Olimpiada 3 mərhələdə keçirildi. I mərhələdə fizika, kimya və biologiya fənlərinin hərəsindən 10 sual olmaqla ümumi 30 sual var idi. II mərhələdə ümumilkdə 30 bal olmaqla acıq tipli suallar var idi. III mərhələ 40 bal qiymətləndirilməklə praktikadan ibarət idi. Bu mərhələdə şagirdlər 3-lü komanda şəklində imtahanda istirak edirdi.

Bürünc medal qazanmaqla ölkəmin bayrağını xarici meydanlarda dalğalandırmaq şansı əldə etdiyim üçün çox sevincliyəm. Bundan sonra 2018-ci ildə keçiriləcək Beynəlxalq Mendeleyev və beynəlxalq kimya olimpiadalarında vətənimi layiqincə təmsil etmək istəyirəm.


“Uğurumuzda əziyyəti keçən hər bir şəxsə təşəkkür edirəm”

Turan Bayramlı,
Bakı şəhəri 291 nömrəli “Ekologiya” liseyinin X sinif şagirdi

2002-ci ildə Bakı şəhərində anadan olub. 2008-ci ildə 291 nömrəli “Ekologiya” liseyinin birinci sinfinə qəbul olunub. Hazırda həmin liseyin 10-cu sinfində oxuyur. VIII sinifdə kimya fənn müsabiqəsində qalib olub. Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş Olimpiada mərkəzlərinə cəlb edilib. Burada beynəlxalq olimpiadalara hazırlaşıb. İştirak etdiyi ilk beynəlxalq olimpiada İndoneziyanın Bali şəhərində keçirilən İJSO 2016 (İnternational Junior Science Olympiad) olub.

- Mən bu olimpiadadan ölkəyə bürünc medalla gəldim. Bu ildə İJSO 2017 üçün keçirilən mərhələli seçmə imtahanlarında müvəffəqiyyət qazanaraq Azərbaycanı təmsil edəcək komandaya seçildim. Bizə olimpiada mərkəzlərində çoxlu dərslər keçildi və nəticədə Hollandiyada təşkil olunan İJSO 2017 (Beynəlxalq Elm Olimpiadası) olimpiadasından vətənə bürünc medalla qayıtdım. Uğurumuzda Olimpiada mərkəzlərinin, müəllimlərimizin və dövlətimiz tərəfindən olimpiadaçılara göstərilən qayğının əvəzsiz rolu var. Uğurumuzda əziyyəti keçən hər bir şəxsə təşəkkür edirəm.


“Olimpiadada yeni dostlar qazandıq”

Fərid Əliyev,
Ağdaş şəhəri M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın eksperimental pilot siniflərinin X sinif şagirdi

2002-ci il avqustun 2-də Zərdab şəhərində anadan olub. 2008- ci ildə Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2015-ci ilə qədər bu məktəbdə təhsil alıb. VII sinifdən “İstək” liseyinin Ağdaş filialında təhsil alır.

-VIII sinifdə “İstək” liseyində kimya fənni üzrə olimpiada hazırlığına başladım. IX sinifdə kimya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal əldə etdim. Həmin il Taylandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında (ICHO 2017) iştirak etdim. Builki olimpiada kimya, fizika və biologiyadan keçirildi. Bu olimpiadaya hazırlıq çərçivəsində fizika və biologiya üzrə hazırlaşmağa daha çox üstünlük verdim. Olimpiadaya ilkin hazırlıq müəllimlərimizin tövsiyə etdiyi vəsaitləri oxumaqdan ibarət idi. Əvvəlki illərdə uşaqların ən çox çətinlik çəkdiyi mövzular üzərində fikrimizi cəmlədik. Təhsil Nazirliyinin təşkil etdiyi olimpiada mərkəzlərinin və müəllimlərimizin sayəsində böyük ümidlərlə Hollandiyaya yollandıq.

Hollandiyada əsasən təbiətin, havanın, suyun təmizliyi haqda seminarlara qatılırdıq. Demək olar hər gün Hollandiyanın müxtəlif şəhərlərinə gəzintilər var idi. Digər ölkələrdən olan uşaqlarla tanış olduq. Onlarla ölkələrimiz haqqında, olimpiadaya hazırlığımız barədə daha çox söhbət edirdik. İmtahandan sonra suallar barədə müzakirələr edirdik. Olimpiadada yeni dostlar qazandıq, hansı dostlar ki, bundan sonra da əlaqələrimizi kəsməyəcəyik.


“Gələn illərdə nəticələrin daha gözəl olacağına əminəm”

Elxan Tahirov,
komandanın rəhbəri

- Yeniyetmələrin beynəlxalq elm olimpiadası (IJSO) 14 ildir ki, keçirilir və 50-yə yaxın ölkəni əhatə edir. Bu il Hollandiyanın Neymegen şəhərində keçirilən olimpiada fizika, kimya və biologiya fənləri üzrə təşkil olunmuşdu. Azərbaycan komandası 2 mərhələdə müəyyənləşdirildi. Oktyabrın əvvəlində imtahana girən yüzlərlə məktəblidən 15 nəfər seçildi. Onlara 1 ay dərs keçildi. Sonra bu 15 nəfərdən 6 nəfər şanslı oldu. Komanda seçildikdən sonra nəzəri və praktiki hazırlıq dərsləri təşkil olundu. Əslində digər ölkələr 1 ilə yaxın hazırlaşdığı halda biz 2 ay hazırlaşdıq.

Elm olimpiadalarındakı nəticələr ölkənin elm və təhsil səviyyəsini göstərir. Məktəblilərin bu olimpiadadan daha yaxşı nəticə toplaması üçün hazırlığı bir az tez başlamalı və praktiki bacarıqları inkişaf etdirməliyik. Bir məktəbli üçün beynəlxalq olimpiadada medal almaq böyük uğurdur. Azərbaycan komandası bu olimpiadadan son 3 ildə 15 medal almışdır. Bu, Təhsil Nazirliyi nəzdində olimpiada mərkəzlərinin yaradılması nəticəsində mümkün olmuşdur. Əlbəttə ki, bu nəticə bizi qane etmir və uyğun hazırlıqlar sayəsində gələn illərdə nəticələrin daha gözəl olacağına əminəm.

“Bu olimpiadadan qızıl medal almaq üçün məsələyə isə kompleks yanaşmaq lazımdır. Burada həm sagirdin zəkası, həm bu fənlərin məktəbdəki tədris proqramı, həm də məktəblinin laboratoriyada işləmək qabiliyyətləri əhəmiyyətlidir

 

“Azərbaycan müəllimi” qəzeti

 
 


6 il əvvəl