27.12.2017

“Ekoloji yönümlü və enerji effektli yaşıl məktəb”

“Yaşıl şəbəkə” ekoloji maarifləndirmə layihəsi çərçivəsində keçirilən “Ekoloji yönümlü və enerji effektli məktəblərin yaşıl şəbəkə” müsabiqəsinə yekun vurulub. Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil edilən müsabiqəyə Bakı şəhəri üzrə 300 ümumi təhsil müəssisəsi qatılıb.

Müsabiqənin əsas məqsədi fasiləsiz dayanıqlı ekoloji təhsilin inkişafının möhkəmləndirilməsi, təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılmasından ibarətdir.

Proqram üzrə şagirdlərə qənaətcil davranış prinsiplərinə xidmət edən enerji və su ehtiyatlarından səmərəli istifadə, tullantıların təkrar istifadəsinin kreativ həlli, sağlam qidalanma, iqlim dəyişmələrinin təsirinin azaldılması bacarıqları aşılanıb.

Müsabiqə 2 mərhələdə keçirilib. Proqramın ilk mərhələsində tullantıların azaldılması məqsədi ilə 120 təhsil müəssisəsində enerjiyə və suya qənaət tədbirləri həyata keçirilib. Məktəbin sinif otaqlarında sağlam ekoloji mühit yaratmaq üçün müsabiqənin “Yaşıl dizayn” mərhələsində otaq bitkiləri ilə yaşıllaşdırma işləri aparılıb.“Yaşıl bufet” mərhələsi isə məktəblərdə ekoloji təmiz məhsulları təbliğ etmək məqsədi daşıyıb. Bu mərhələdə şagirdlər sağlam qidalanma haqqında biliklərə yiyələnərək məktəbdə qida rasionunun tərkibini öyrəniblər.

Müsabiqənin final mərhələsində iştirak edən 40 məktəbə sertifikat, 5 nominasiya üzrə xüsusi fərqlənən 15 məktəbə diplom, reytinq üzrə seçilmiş T.İsmayılov adına 6 nömrəli məktəb-liseyə,  214 nömrəli tam orta məktəbə və Humanitar fənlər təmayüllü məktəb-liseyə 2017-ci ilin “Ekoloji yönümlü və enerji effektli yaşıl məktəb”  emblemi təqdim olunub.

Tədbir mükafatçıların təltif edilməsi ilə yekunlaşıb.

Gələcəkdə müsabiqənin Respublika üzrə keçirilməsi nəzərdə tutulur.


Açar sözlər: