26.12.2017

İdmançılar və məşqçi-müəllimlər təltif edilib

Dekabrın 25-də “Təhsil” Respublika İdman Mərkəzinin “Zuğulba” Tədris İdman Bazasında Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər İdman-Şahmat məktəblərinin 2017-ci ildə yüksək nəticə əldə edən məşqçi-müəllimlərinin və idmançılarının təltif olunma mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, idman məktəblərinin direktorları, məşqçi-müəllimlər, idmançılar, media nümayəndələri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd məşqçi-müəllimlərin və idmançıların əməyini qiymətləndirmək, onların daha yüksək nəticələr əldə etmələrinə stimul yaratmaqdan ibarət olub.

Tədbir iştirakçılarına 2017-ci ildə mərkəz tərəfindən həyata keçirilmiş idman yarışları, layihələr, respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak, uşaq və gənclərin idmana cəlbi, onlar arasında sağlam həyat tərzinin təbliği istiqamətində görülmüş işlər, əldə olunmuş uğurlar barədə ətraflı məlumat verilib.

Sonra 2017-ci ildə müxtəlif idman növləri üzrə yüksək nəticə əldə etmiş 22  nəfər idmançı, uşaq və gənclərin idmana cəlb olunmasında, bədən tərbiyəsi və idmanın təbliğində səmərəli fəaliyyət göstərdiyinə görə 26 nəfər məşqçi-müəllim “Təhsil” Respublika İdman Mərkəzinin Fəxri fərmanı və  hədiyyələrlə  təltif edilib.

Tədbir mükafatçılar üçün təşkil edilmiş ziyafətlə yekunlaşıb.

 


Açar sözlər: