23.11.2017

“SABAH” xaricdə təhsil sərgisi

Noyabrın 23-də Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin təşkilatçılığı ilə "SABAH" xaricdə təhsil sərgisi keçirilib.

Sərgi iştirakçıları 10-dan artıq ölkənin 100-dən çox universitetində bakalavriatura, magistratura, doktorantura, MBA proqramları, yay kursları, qısamüddətli kurslar, təcrübə və xarici dil proqramları, həmçinin müxtəlif təqaüd və güzəştlər haqqında məlumat almaq imkanı əldə ediblər.

Sərgidə ABŞ, Birləşmiş Krallıq, Almaniya, Fransa, İspaniya və digər ölkələrin universitetləri iştirak edib.

Ziyarətçilər xarici universitetlərin nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, sənədlərini təqdim etmək imkanı qazanıblar.

Sərgiyə paralel olaraq gün ərzində xarici mütəxəssislər tərəfindən “İsveçrədə turizm təhsili”, “Almaniyada inkişaf imkanları”, “Polşada təhsil” mövzularında seminarlar keçirilib.

SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə dövlət ali təhsil müəssisələrində müxtəlif ixtisaslar üzrə yaradılmış savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır.

Layihənin məqsədi ali təhsil sistemində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması və qlobal kadr bazarının tələblərinə cavab verən savadlı və peşəkar mütəxəssislərin yetişdirilməsidir.

SABAH qrupları 2014-2015-ci tədris ilində 34 ixtisas üzrə 7 ali təhsil müəssisəsində formalaşdırılıb. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsini, 6 ixtisas istiqaməti üzrə 40-dan artıq ixtisas və 2300-dən çox tələbəni əhatə edir.

2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub.


Açar sözlər: ,  ,