• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı Dövlət Universiteti: 100 illiyin astanasında

İlk ali məktəbimizin yubileyi dövlət səviyyəsində qeyd olunacaq

 

2019-cu ildə ilk milli ali məktəbimiz Bakı Dövlət Universitetinin 100 illiyi tamam olur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin oktyabrın 9-da keçirilmiş iclasındakı çıxışında təhsil naziri Mikayıl Cabbarov Bakı Dövlət Universitetinin 100 illiyinin dövlət səviyyəsində qeyd olunması barədə məsələni diqqətdən keçirməsini dövlət başçısından xahiş etmişdi. Təhsilə xüsusi qayğı ilə yanaşan, onun inkişafını dövlət siyasətinin prioritet məsələlərindən hesab edən ölkə rəhbəri mühüm dövlət əhəmiyyətli bütün məsələlərdə olduğu kimi, bu məsələyə də münasibət bildirərək, bu günlərdə Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda Bakı Dövlət Universitetinin müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçdiyi qeyd olunur. Daim azərbaycançılıq məfkurəsinə sadiqlik nümayiş etdirərək ölkədə ali təhsil sisteminin qurulmasında, elmi tədqiqatların son texnologiyaların tətbiqi ilə müasir standartlara uyğun aparılmasında və ümumən milli özünüdərk prosesinin sürətləndirilməsindəki böyük xidmətləri xüsusi vurğulanır. 

Qeyd olunur ki, BDU tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verib. 

Sərəncamda ali təhsilimizin flaqmanı kimi müasir dövrdə BDU-nun qarşısında duran missiya, inkişaf hədəfləri də öz əksini tapıb. Qeyd olunur ki, ölkədə yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.

Sənəddə Bakı Dövlət Universitetinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının hazırlanıb həyata keçirilməsi Nazirlər Kabinetinə həvalə olunub.

Qeyd edək ki, sərəncam ölkənin ziyalıları, alimləri, bütövlükdə təhsil ictimaiyyəti tərəfindən razılıqla qarşılanıb və Azərbaycan elminə, təhsilinə göstərilən diqqət və qayğının daha bir nümunəsi kimi qiymətləndirilir. Bunu BDU-nun missiyası ilə bağlı fikirlərini öyrəndiyimiz təhsil ekspertləri də xüsusi vurğulayırlar.

 

Şahlar Əsgərov, təhsil eksperti: - Bakı Dövlət Universiteti ali təhsilimizin flaqmanıdır. Bu ali təhsil ocağı mənim üçün bir məbəddir. Demək olar ki, 18 yaşımdan bu günə kimi həyatım BDU ilə bağlıdır. Bu gün doğma universitetimizin 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi, bununla bağlı ölkə Prezidenti cənab İlham Əliyevin sərəncam imzalaması bir təhsil adamı kimi məni həm sevindirir, həm də qürurlandırır. BDU-nun bir əsrlik tarixinə nəzər salsaq görərik ki, bu ali təhsil müəssisəsi 100 il öncə öz üzərinə götürdüyü missiyanı uğurla yerinə yetirib. Qarşıda duran illər üçün isə onun missiyası fənlərarası, sahələrarası elmləri (ekonofizika, riyazi biologiya kimi) inkişaf etdirməsidir. Keçən 100 ildə BDU əsasən təhsil və elmi inkişaf etdirib. Azərbaycan cəmiyyətinin həyatında universitet müəllimləri çox aktiv iştirak ediblər. 

Bu gün dünya universitetlərinə nəzər salsaq görərik ki, qabaqcıl universitetlər apardıqları tədqiqat işlərinə görə nüfuz qazanır, reytinq cədvəllərində öndə gedirlər. Düşünürəm ki, biz də bu yolu seçməliyik. BDU-nun əsas missiyası təkcə ali təhsilli mütəxəssis hazırlamaqla məhdudlaşmamalıdır. Bundan başqa, aparılan tədqiqat işləri elmi jurnallarda qalmamalı, bu tədqiqatlar sənayedə, istehsalatda tətbiq olunmalıdır. Yəni bizim universitetimizin elmi dünya elminin arxasında yox, önündə olmalıdır. Qarşıdakı 100 ildə biz elmin texnologiyaya tətbiqinə diqqət yetirməliyik. Məlumdur ki, təhsil elmi, elm texnologiyanı, texnologiya iqtisadiyyatı, o da yaşam səviyyəsini inkişaf etdirir. İndi çalışmalıyıq ki, təhsilimiz elmimizə və iqtisadiyyatımıza qulluq etsin. Üzərində “Made in Azerbaijan” yazılmış məhsullar dünya bazarına çıxarılsın. Elmtutumlu məhsulların istehsalında universitetimiz də iştirak etsin.

Düşünürəm ki, BDU dünyanın inkişaf etmiş, elmi nailiyyətləri ilə fərqlənən ilk 200 universiteti arasında yer ala bilər. Bu nəticəni əldə etmək üçün BDU-da potensial var. Bəs bunun üçün nə etmək lazımdır? Zənnimcə, universitet kafedraları zaman-zaman yenilənməlidir. Cavan və istedadlı gəncliyə yol açılmalıdır. Həmin kafedraların elmi məzmununda yeniliklər etmək zəruridir. Unutmayaq ki, bu gün dünya təhsili və elmi sürətlə inkişaf edir. Biz bu inkişafdan geri qalmamaq üçün var gücümüzlə çalışmalıyıq.

 

* * *

Etibar Əliyev, təhsil eksperti: - Bakı Dövlət Universitetinin bir məzunu kimi bu ali təhsil ocağının 100 illik yubileyinin dövlət səviyyəsində keçirilməsini çox yüksək qiymətləndirirəm və bu məni çox sevindirir. Ölkə Prezidenti cənab İlham Əliyevin BDU-nun 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam onu göstərir ki, bu məsələ dövlət başçısının xüsusi diqqətindədir. Hamımız yaxşı bilirik ki, BDU Azərbaycanın ilk universitetidir. Bu elm ocağından Azərbaycan elminə, təhsilinə töhfələr verən minlərlə insan məzun olub. Ümumiyyətlə, dünyada universitetlərin reytinqi aparılarkən onun tarixi, yaşı da önəm kəsb edir. Bu baxımdan universitetin 100 illik tarixə malik olması sevindiricidir. Düşünürəm ki, BDU-nun qarşısında duran bir çox vacib məsələ var. Bu gün universitet dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olmaq üçün bir çox layihə həyata keçirir. Hesab edirəm ki, BDU güclü tədqiqat universitetinə çevrilməlildir. Fundamental tədqiqatların miqyası genişləndirilməlidir. Xüsusilə fizika, kimya, tədbiqi və mexaniki riyaziyyat sahələrinə daha çox önəm vermək lazımdır. Bundan başqa, laboratoriyalar yenilənməlidir. İlk universitet kimi BDU-nun tədqiqat universitetinə çevrilməsi ali məktəblərimiz arasında bir rəqabət mühitinin də formalaşmasına gətirib çıxara, digər universitetlərin də tədqiqat universitetlərinə çevrilməsi üçün zəmin yarada bilər. BDU-nun və bir neçə universitetin publik-hüquqi şəxs qismində fəaliyyətinin təsdiqlənməsi, hesab edirəm ki, universitetin inkişafı, elmi-tədqiqatların genişlənməsi üçün yeni üfüqlər açır. Xüsusilə Təhsil Nazirliyinin tabeliyində belə bir idarəetmə institutunun formalaşması universitetin inkişafına səbəb ola bilər. Təbii ki, yüksək səviyyəli tədqiqatlar güclü təhsildən yaranır. Güclü təhsil vermək üçün isə öncə peşəkar professor-müəllim heyəti formalaşmalıdır. Hazırda ali təhsil ocaqlarımızdakı professor-müəllim heyətinin peşəkarlıq səviyyəsinin yüksək olmaması universitetlərin reytinq cədvəlinin formalaşmasında mənfi təsirini göstərir. Bu baxımdan bu gün BDU-nun əsas missiyalarından biri professor-müəllim heyətinin mobilliyinin artırılmasıdır.

 

“Azərbaycan müəllimi” qəzeti


6 il əvvəl