07.11.2017

Məktəblərdə İslam həmrəyliyi mövzusunda tədbirlər

Paytaxt məktəblərində “İslam Həmrəyliyi İli” çərçivəsində silsilə tədbirlər keçirilir.   

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki  ümumi təhsil müəssisələrində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş konfrans, “Dəyirmi masa”, mühazirə, seminar, müsabiqə və sərgilər təşkil edilir.

Tədbirlərdə müəllim, şagird və müvafiq dövlət qurumlarının nümayəndələri iştirak edirlər.

Tədbirlərin keçirilməsində əsas məqsəd məktəbliləri milli-mənəvi və ümümbəşəri dəyərlər ruhunda tərbiyə etmək, onlara ölkəmizin tolerant və İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu aşılamaqdan ibarətdir.

“İslam dialoq dinidir”, "İslam həmrəyliyi elm və təhsildə", “İslam dəyərləri və sivilizasiyalar” və digər mövzularda təşkil edilən tədbirlərdə Azərbaycanın daim İslam aləmi ilə sıx münasibətlər qurduğu, ölkəmizin İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun üzvü olduğu vurğulanır. IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində keçirilməsinin İslam həmrəyliyinin möhkəmləndirilməsinə xidmət etdiyi qeyd olunur.

Tədbirlər çərçivəsində İslam ölkələrinin həmrəyliyinə və milli-mənəvi dəyərlərə həsr olunmuş sənədli filmlər, videoçarxlar nümayiş etdirilir.

Məktəblərdə İslam həmrəyliyi mövzusuna dair keçirilən şeir, inşa yazı və rəsm müsabiqərində qalib gələn şagirdlər diplomla təltif olunurlar.


Açar sözlər: ,