20.09.2017

Akademik Rəfiqə Əliyevanın 85 illik yubileyi qeyd olunub

Sentyabrın 20-də Bakı Dövlət Universitetində görkəmli kimyaçı alim, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi, Rəfiqə Əliyevanın 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək akademik Rəfiqə xanım Əliyevanın xatirəsini anıb, məzarı önünə əklil və gül dəstələri qoyublar. Sonra tədbir iştirakçıları ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Akademik Rəfiqə Əliyevanın yaradıcısı olduğu və rəhbərlik etdiyi ekoloji kimya və ətraf mühitin mühafizəsi elmi-tədqiqat laboratoriyasının qarşısında alimin xatirə barelyefinin açılışından sonra tədbir universitetin Böyük akt zalında davam edib.

Rektor, akademik Abel Məhərrəmov ömrünün böyük hissəsini BDU-da ixtisaslı kadrların hazırlanmasına sərf edən Rəfiqə xanım Əliyevanın pedaqoji xidmətlərindən danışıb. Bildirib ki, yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan Rəfiqə xanımın yetirmələri Azərbaycanda, həmçinin dünyanın bir çox ölkələrində fəaliyyət göstərərək böyük alimdən əldə etdikləri bilikləri bəşəriyyətin tərəqqisinə sərf ediblər.

Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif  Əlizadə görkəmli alim Rəfiqə Əliyevanın səmərəli elmi fəaliyyətindən, respublikamızda kimya elminin inkişafına verdiyi töhfələrdən danışıb.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Rəfiqə xanım Əliyeva yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib, öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürərək böyük elmi məktəb yaradıb.

Sonda ailə üzvləri adından alimin qızı, BDU-nun Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva çıxış edərək tədbir təşkilatçılarına təşəkkür edib.


Açar sözlər: ,  ,