07.07.2017

AMEA-nın ilk magistrlərinin “Məzun günü” keçirilib

İyulun 7-də Azərbaycan Milli Elmlər Akademiyasının ilk magistrlərinin “Məzun günü” keçirilib. Tədbirdə AMEA-nın prezidenti Akif Əlizadə, Nazirlər Kabineti Aparatının Humanitar məsələlər  şöbəsinin müdiri İsmayıl Sadıqov, təhsil naziri Mikayıl Cabbarov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, respublikanın elm və təhsil müəssisələrinin rəhbərləri, AMEA-nın həqiqi və müxbir üzvləri, KİV nümayəndələri iştirak ediblər.

AMEA-nın prezidenti Akif Əlizadə magistrlərin “Məzun günü”nün AMEA tarixində əlamətdar hadisə olduğunu, burada magistraturanın 2015-ci ildə ölkə Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə yaradıldığını diqqətə çatdırıb. Akademik qeyd edib ki, birinci qəbul ilində akademiyanın magistraturasına 400-ə yaxın bakalavr müraciət edib və yekunda 9 ixtisas üzrə yüksək balla 19 tələbə qəbul olunub. Akif Əlizadə məzunlardan 15 nəfərinin magistraturanı fərqlənmə diplomu ilə bitirdiyini vurğulayıb.

Akademik Akif Əlizadə AMEA-nın Təhsil Nazirliyi ilə əməkdaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edərək, universitetlərdə yaradılmış SABAH qruplarında təhsil alan 200-dən çox, ümumilikdə 500-dən artıq tələbənin akademiyanın elmi müəssisələrində təcrübəkeçmədə iştirak etdiklərini qeyd edib.

Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, ölkə Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə güclü elmi potensialın cəmləndiyi akademiyada magistratura pilləsinin yaradılması ölkənin sosial-iqtisadi və mədəni inkişafına, biliklər cəmiyyətinin formalaşmasına yönələn mühüm addımlardandır. Ölkə başçısının “Qara qızılı insan kapitalına çevirməliyik” çağırışını xatırladan nazir AMEA-nın ilk magistlərinin buraxılış gününü olduqca əlamətdar hadisə adlandırıb, bu işdə əməyi olan alimlərə minnətdarlığını bildirib, məzunları təbrik edərək onlara müvəffəqiyyətlər arzulayıb.

Tədbirdə çıxış edənlər respublikanın ali elm ocağının ilk məzunlarını təbrik edib, AMEA-da bu təhsil pilləsinin Azərbaycanda elm və təhsilin inteqrasiyasının uğurlu nəticəsi olduğunu vurğulayıblar.  Natiqlər dünyanın inkişaf etmiş ölkələrində güclü elmi məktəblərin və ənənələrin mövcud olduğunu, elmin həyatın bütün sahələrinə daxil edildiyini bildirib, AMEA-da magistratura pilləsinin yaradılmasının ölkə elminə gələcəkdə mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib.

Tədbirdə, həmçinin magistlərin elmi rəhbərləri çıxış edərək AMEA-da magistratura pilləsinin yaradılmasının elm və təhsilin inteqrasiyası, gənclərin elmə marağının artırılması istiqamətində atılmış uğurlu addım olduğunu bildiriblər.

Tədbirin sonunda AMEA-nın məzunlarına diplomlar təqdim edilib.


Açar sözlər: