29.06.2017

“Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar

İyunun 29-da Müəllif Hüquqları Agentliyi, Təhsil Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət KomitəsiDünya Əqli Mülkiyyət Təşkilatı (DƏMT) ilə birgə “Universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti” mövzusunda beynəlxalq seminar işə başlayıb.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov seminarın Azərbaycanda kecirilməsini yuksək dəyərləndirib, davamlı inkişafin təmin olunmasında elm və təhsilin rolunu xususi qeyd edib. Nazir bildirib ki, ölkəmizdə bilik iqtisadiyyatının formalaşdırılması dövlət başçısı tərəfindən uğurla həyata keçirilən siyasətin əsas prioritetlərindən biridir. Bu baxımdan təhsil, elm və innovasiya arasında effektiv qarşılıqlı əlaqənin qurulması, yəni “bilik üçbucağı”nın formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Təhsil naziri ötən ilin sonlarında ölkə başçısının müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” sənədinin “İnsan kapitalının inkişaf etdirilməsi” adlanan strateji hədəfində “Ali təhsil müəssisələrində “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın təşviqi”nin ayrıca tədbir kimi nəzərdə tutulduğu deyib. Bu kontekstdə universitetlərin və elmi-tədqiqat institutlarının elmi fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması prioritet əhəmiyyət daşıyır.

Mikayıl Cabbarov bildirib ki, Təhsil Nazirliyi hazırda ali təhsil müəssisələrinin tədqiqat və innovasiya mərkəzləri kimi inkişaf etdirilməsi, eləcə də universitetlərin elmi və elmi-texniki fəaliyyətinin nəticələrinin kommersiyalaşdırılması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsini dəstəkləyir. Bu tədbirlər arasında əqli mülkiyyət məsələləri sahəsində maarifləndirmə işinin genişləndirilməsi və əqli mülkiyyət hüquqlarının qorunması üzrə lazımi dəstəyin göstərilməsi mühüm yer tutur. Hər bir elm və təhsil müəssisəsinin düzgün qurulmuş əqli mülkiyyət siyasəti olmasının vacibliyini vurğulayan təhsil naziri qeyd edib ki, bu, ilk növbədə elmi tədqiqat və innovasiya fəaliyyəti nəticələrinin səmərəli realizəsi və müəlliflik hüququndan maksimum faydalanmaq baxımından əhəmiyyətlidir.

Təhsil naziri Mikayıl Cabbarov magistraturaya daxil olan oğlanlara hərbi xidmətdən möhlət hüququnun verilməsinin qəbul səviyyəsinə öz töhfəsini verdiyi açıqlayıb və qeyd edib ki, bundan sonra magistraturaya qəbul olanların səviyyəsi əhəmiyyətli dərəcədə artıb: "Ötən il magistraturaya qəbul səviyyəsi 4700-dən az idisə, bu il bu rəqəm 6200-dən çoxdur".

Tədbirdə Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun “Biliklər+ texnologiyalar +investisiyalar və əqli mülkiyət = universitetlərin və sənayenin insan kapitalının ekosisteminə (DƏMT-in universitet və elmi-tədqiqat institutları üçün əqli mülkiyyət siyasəti modelinin uyğulaşdırılma təcrübəsindən” mövzusunda məruzəsi dinlənilib.

Daha sonra DƏMT-in təmsilçiləri, bir sıra ölkələrin nümayəndələri, əqli mülkiyyət üzrə beynəlxalq ekspertlər mövzuya dair məruzələrlə çıxış ediblər.


Açar sözlər: ,