• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Adları “Qızıl kitab”a yazılanlar

Onlar yüksək etimadı gələcək uğurları üçün stimul hesab edirlər.

Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2017-ci il tarixli sərəncamı ilə musiqi sahəsində xüsusi istedadı olan gənclərin adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılıb və onlar xüsusi aylıq təqaüdə layiq görülüblər. Gənc istedadların bir neçəsini sizə təqdim edirik.

Nihad Orucov 1999-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət gimnaziyasında təhsil alıb. Kiçik yaşlarından musiqiyə böyük maraq göstərdiyi üçün valideynləri onu incəsənət gimnaziyasına yönəldiblər. Məlahətli səs tempri olduğuna görə incəsənət gimnaziyasının vokal sinfinə qəbul olunub.

- 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə Parisdə, YUNESKO-nun qərargahında “Azərbaycanın xoşməramlı mələkləri” konsert proqramında fəallıq göstərərək ilk uğuruma imza atdım. İncəsənət gimnaziyasında oxuduğum müddət ərzində dəfələrlə beynəlxalq müsabiqələrdə iştirak etdim. 2012-ci ildə Uluslararası Türkçə Olimpiyyatlarında müxtəlif kateqoriyalarda iştirak edərək qızıl və gümüş medala layiq görüldüm. 2015-ci ilin aprel ayında “13-cü Uluslararası Dil və Mədəniyyət Festivalı” çərçivəsində Amerika Birləşmiş Ştatlarının Vaşinqton, Nyu-York şəhərlərində, Mərakeşdə keçirilən konsertlərdə çıxış etmişəm. Azərbaycan və Qərb bəstəkarlarının əsərlərini böyük həvəslə öyrənirəm, vokal sənətinin sirlərinə yiyələnirəm.

21 iyun 2017-ci il həyatımda yaddaqalan oldu. Sevincli anlar yaşayıram. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazılıb və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görülmüşəm. Bu gün özümü dünyanın ən xoşbəxt adamı sayıram. İstedad və bacarığıma dövlət səviyyəsində yüksək qiymət verilməsi ifaçılıq sənətimə məhəbbətimi birə-beş artırıb. Bu gün daha da böyük məsuliyyətlə, əzmlə çalışmalıyam ki, mənə göstərilən etimadı layiqincə doğruldum.

Mükafata görə Prezident İlham Əliyevə və müəllimlərimə minnətdarlığımı bildirirəm. Gələcəkdə daha böyük uğurlara imza atacağıma söz verirəm.

Milli Konsevatoriyaya daxil olmuşam. Tələbə adını qazanmışam. Qarşıda məni böyük, izdihamlı konsert salonları gözləyir. Bu salonlarda da öz dəst-xəttimlə, bir çox musiqi nömrəsi ilə dünya dinləyicilərini ram edəcəyimə söz verirəm.

 


Haqqında söhbət açacağım digər bir gənc istedad Lalə İbrahimovadır. O, 2001-ci ildə Bakı şəhərində anadan olub. Hazırda Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin IX sinif şagirdidir. Onun da beynəlxalq müsabiqələrdə və festivallarda qazandığı nailiyyətlər çoxdur:

- Fortepiano sinfində təhsil almağıma baxmayaraq, vokal sənətinin sirlərini də öyrənirəm. Ən böyük uğurlarım vokal sənəti ilə bağlıdır. 2013-cü ilin may ayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirilmiş ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların II Respublika müsabiqəsində laureat adı və III dərəcəli diplomla təltif olunmuşam. 2014-cü ildə “Barokko musiqisi” festivalında laureat adını qazanmışam. 2015-ci ilin aprelində “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı I Respublika festivalında laureat adını qazanmışam. 2015-ci ilin mart ayında Latviyanın Talsu şəhərində keçirilən uşaq və gənclər arasında Akademik Vokal üzrə I beynəlxalq müsabiqənin laureatı seçilərək I dərəcəli diplomla təltif olunmuşam. Bu müsabiqədə həmçinin “Bədii səhnə performansına” görə ikinci diploma da layiq görüldüm. 2016-cı ilin mayında “Səni tərənnüm edirəm Azərbaycan” adlı mahnı müsabiqəsində Asəf Zeynallının “Ölkəm” romansını ifa edərək I yeri qazandım. Həmin ilin aprel ayında Sidney şəhərində keçirilən Dil və Mədəniyyət adlı Beynəlxalq Festivalda yüksək səviyyəli çıxışım ilə ölkəmizi layiqincə təmsil etdim. 2016-cı ilin iyulunda Sankt-Peterburq şəhərində keçirilənYelena Obraztsova adına VI gənc vokalistlərin beynəlxalq müsabiqəsinin diplomantı adına layiq görüldüm. Uğurlarımı sadalamaqla qurtaran deyil. Belə ki, 2017-ci ilin mart ayında Estoniyada keçirilən uşaq və gənclər arasında akademik vokal üzrə XII beynəlxalq müsabiqədə laureat adını qazandım. Həmin ildə Uşaq və gənclər arasında vokal və estrada oxuma üzrə respublika müsabiqəsində III dərəcəli diplomla mükafatlandırıldım.

Beynəlxalq müsabiqə və festivallarda qazandığım uğurlar öz bəhrəsini verdi. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazıldı və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm.

Mənə verilən mükafatı yüksək dəyərləndirirəm və bundan sonra da öz üzərimdə daha səylə çalışacağam.

 


Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi də Bakı şəhərinin ən qabaqcıl təhsil müəssisələrindən biridir. Bu məktəbdə hər il istedadlı şagirdlər yetişir. Qeyri-adi istedadı ilə seçilən şagirdlərdən biri də Cavid Yusifzadədir. Müxtəlif beynəlxalq müsabiqə, festivallarda qalib olan Cavid Yusifzadə ilə söhbət əsnasında uğurlarından bəhs etdi:

- 1999-cu ildə Bakı şəhərində anadan olmuşam. 2007-ci ildən Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində müəllimim Dilarə Manafovanın sinfində fortepiano ixtisası üzrə təhsil alıram. Musiqi təhsilinə başladığım illərdən məktəbin mədəni və ictimai həyatında fəal iştirak etmişəm. Belə ki, 2012-ci ildə Gənc pianoçuların II Respublika müsabiqəsində uğurlu çıxışıma görə “Tərifnamə”yə layiq görülmüşəm. Həmin ildə məktəbin yekun konsertində Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə çıxış etmişəm. Bülbül adına Orta İxtisas Musiqi Məktəbində keçirilən Y.Haydn adına festivalda uğurlu ifama görə Qala konsertdə çıxış etmək üçün vəsiqə qazanmışam.

2013-cü ilin aprel ayının 22-26 tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən məktəb-studiyasının təşkil etdiyi “Gənc musiqiçilər təhlil və ifa edir” adlı II Respublika Elmi-İfaçılıq müsabiqəsində laureat adına layiq görülmüşəm. 2015-ci ildə keçirilən IV Beynəlxalq “Harmony” festivalında laureat adını qazanmışam. Uğurlarım bununla bitmir. 2016-cı ilin aprelində keçirilən “İslam ölkələri musiqiçilərinin V Beynəlxalq müsabiqəsi”ndə çıxış edərək I, II Respublika müsabiqəsində fortepiano ansamblı üzrə keçirilən müsabiqədə III, Kaunasda keçirilən VI Beynəlxalq “Gradus ad Parnassum” adlı müsabiqədə isə I yerlərə layiq görülmüşəm. Ədilə Əliyeva adına Pianoçuların XI beynəlxalq müsabiqəsində mükəmməl çıxışıma görə laureat və “Gənc istedad” adına layiq görülərək Alfred Korto adına Paris Konservatoriyasında təhsil almaq hüququ qazanmışam.

2017-ci il iyunun 21-i mənim üçün uğurlu oldu. Beynəlxalq müsabiqələrdə və festivallarda qazandığım uğurlar dövlətimiz tərəfindən qiymətləndirildi. Adım Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə gənc istedadların “Qızıl kitabı”na yazıldı və Prezidentin xüsusi aylıq təqaüdünə layiq görüldüm. Ölkə rəhbəri İlham Əliyevin imzaladığı müvafiq sərəncamda öz adımı görəndə sevincimin hədd-hüdudu olmadı. İstedadıma verilən bu qiymət mənim yaradıcılıq həvəsimi daha da artırıb. Öz üzərimdə səylə çalışaraq mənə göstərilən etimadı yüksək səviyyədə doğruldacağıma söz verirəm.

 

"Azərbaycan müəllimi" qəzeti


6 il əvvəl