08.06.2017

Məktəblərdə zərərli vərdişlərə qarşı mübarizə

Bakı şəhərindəki ümumi təhsil müəssisələrində “Narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır”, “ Siqaretə yox deyək” və digər mövzularda “Dəyirmi masa”, seminar, mühazirələr təşkil edilib.

Tədbirlərdə şagirdlər, valideynlər, müəllimlər, müvafiq dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Belə tədbirlərin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniyanın və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaq,  onları neqativ əməllərdən çəkindirmək, məktəblilərin təhsilə, elmə, idmana olan həvəslərini artırmaqdan ibarətdir.

Məktəblilərin narkomaniya və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi üçün aparılan işlərdən bəhs olunan tədbirlərdə Azərbaycanda 2013-2018-ci illərdə narkomaniya ilə mübarizəyə dair Dövlət Proqramının, digər zərərli vərdişlərlə bağlı mövcud qanunvericiliyin və bu məsələlərlə əlaqədar beynəlxalq səviyyədə qəbul edilmiş qərarların tələbləri ilə əlaqədar atılan addımlar diqqətə çatdırılıb.

Tədbirlərdə məktəblilər tərəfindən narkomaniya və digər zərərli vərdişlərin fəsadlarına dair ədəbi-bədii kompozisiyalar təqdim edilib, videoçarxlar nümayiş olunub. Həmçinin şagirdləri maraqlandıran suallar cavablandırılıb, məktəblilərin iştirakı ilə müzakirələr aparılıb.


Açar sözlər: