01.06.2017

Yunan-Roma güləşi üzrə yarış keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Bakı şəhəri 136 nömrəli tam orta məktəbdə 14-16 yaşlı idmançılar arasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş Yunan-Roma güləşi üzrə açıq birincilik keçirilib.

Yarışın keçirilməsində məqsəd məktəblilərin Yunan-Roma güləşi idman növünə olan marağını, onların yarış təcrübəsini artırmaqdan ibarət olub.

Birinciliyin açılış mərasimində Respublika Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qruplarının, 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin və Bakı şəhəri 12 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin idmançılarının nümunəvi çıxışları təşkil olunub.

10 çəki dərəcəsi üzrə 120 nəfər idmançının qatıldığı yarışlarda I yerə “Təhsil” Respublika İdman Mərkəzinin 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə Bakı şəhəri 16 Uşaq-Gənclər İdman Məktəbinin, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları layiq görülüb.

Qaliblər kubok, medal və diplomlarla təltif edilib.


Açar sözlər: