12.05.2017

Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binasının açılış mərasimi

Mayın 12-də Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni inzibati binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində çıxış edən təhsil naziri Mikayıl Cabbarov son illərdə ölkənin sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən məqsədyönlü islahatlardan, iqtisadiyyatın prioritet istiqamətləri üzrə qarşıya qoyulmuş məqsədlərin reallaşdırılması sahəsində ilk peşə-ixtisas təhsilinin rolunun artmasından danışıb. Ulu öndər Heydər Əliyevin hakimiyyəti illərində peşə təhsilinin inkişafı istiqamətində görülmüş işlərdən danışan nazir bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasının bunun bariz nümunəsi olduğunu vurğulayıb. Təhsil naziri çıxışında qeyd edib ki, dövlət başçısının müvafiq fərmanına uyğun olaraq peşə təhsilinin inkişafı ölkənin əsas prioritet istiqamətlərindən biri kimi müəyyən edilib və "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq olunub.

Mikayıl Cabbarov Peşə Təhsili üzrə Dövlət Agentliyinin kollektivini əlamətdar hadisə münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək agentliyin qarşısında qoyulan mühüm tələblər və prioritet fəaliyyət istiqamətləri barədə danışıb. Agentliyin direktoru peşə təhsili və təlimi sektorunda müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı, beynəlxalq təcrübənin öyrənilməsi və əmək bazarının rəqabətqabiliyyətli işçi qüvvəsi ilə təmin edilməsi məqsədinə nail olunması üçün bütün imkanların səfərbər olunacağını bildirib.

Sonra iştirakçılar Peşə Təhsili üzrə Dövlət Agentliyinin yeni binası ilə yaxından tanış olublar. 

Qeyd edək ki, ölkə Prezidentinin 20 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılmış Peşə Təhsili üzrə Dövlət Agentliyi ilk peşə-ixtisas təhsili sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin edən və əlaqələndirən, ilk peşə-ixtisas təhsili müəssisələrinin fəaliyyətini təşkil edən icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərir.


Açar sözlər: