• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Nobel mükafatı laureatlarının mühazirələrində iştirak edirəm”- Uğur formulu

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan “Uğur formulu” layihəsinin budəfəki qonağı Böyük Britaniyanın Birmingem Universitetinin tələbəsi Məhəmməd Ağamirzəyevdir.

Layihə Təhsil Nazirliyi1news.az informasiya agentliyi ilə birgə həyata keçirilir.

Məhəmməd Ağamirzəyev 1997-ci il iyulun 23-də Bakı şəhərində anadan olub. Orta təhsilini 2003-2014-cü illərdə Bakı Oksford Məktəbində alıb. Orta məktəbdə oxuduğu dövrdə ingilis dilində sərbəst danışıb yazmağı bacaran, əla qiymətlərlə oxuyan Bakı məktəblisi attestat almağa 2 ay qalmış beynəlxalq proqram əsasında imtahan verərək eyni vaxtda 3 xarici ali məktəbdə oxumaq hüququ qazanıb. Buraxılış imtahanlarını əla qiymətlərlə verərək orta məktəbi qızıl medalla bitirən Məhəmməd qiymət və dərsdənkənar nailiyyətlərinin nəticəsinə görə Böyük Britaniyanın Birmingem Universitetinin kimya mühəndisliyi fakültəsinə daxil olub.

Hazırda “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində adıçəkilən universitetin II kurs tələbəsidir. Türk, rus, ingilis və alman dillərində danışır.

İndi Məhəmməd Ağamirzəyevi öz dilindən tanıyaq:

“Şagirddə elmə həvəs məhz ibtidai təhsil dövründə yaranır”

“Orta məktəb illərində Birləşmiş Millətlər Təşkilatının Bakı, Harvard, Haaqa və İstanbul şəhərlərində təşkil olunmuş bir çox beynəlxalq model konfranslarında ölkə təmsilçisi, komitə sədri və ya təşkilatçı qismində fəal iştirak etmişəm. XI sinifdə oxuyarkən Amerika səfirliyindən əldə etdiyim qrantla azərbaycanlı tələbələr üçün nəzərdə tutulmuş “Model Birləşmiş Millətlər Təşkilatı konfransına giriş” (National Model UN Conference) adlı treninq keçirərək illərlə mənimsədiyim bilik və təcrübəmi bölüşmüşdüm.

Orta məktəbdə bütün fənlərə eyni məsuliyyətlə yanaşaraq, hər birindən yüksək göstəricilərimin olmasına çalışmışam. Lakin təbiət elmləri və riyaziyyat məni daha artıq cəlb edir və düşündürürdü. İlk müəllimlərimin əlbəttə ki, hər birini xatırlayır, mümkün qədər əlaqə saxlayıram. Fikrimcə, şagirddə elmə həvəs məhz ibtidai təhsil dövründə yaranır və bu həvəsin yaranmasında müəllimlərin rolu danılmazdır. Düşünürəm ki, müəllimlərim məndə bu həvəsi oyatmağa nail olublar.

Dəqiq elmlərə olan marağım mənim ixtisas seçimimdə mühüm rol oynayıb. Artıq IX sinifdə mühəndis olacağıma qərar vermişdim. Lakin hansı sahə üzrə ixtisaslaşmağa yönəlməyimin həm mənim, həm də dövlətimizin xeyrinə olacağını müəyyənləşdirməmişdim. Sonda kimya mühəndisliyini seçməyimə başlıca səbəb ölkə başçımızın istehsal sahələrinin inkişafına dair olan planları və bu sahədəki peşəkar kadr qıtlığı olub.

Hədəfimə çatmaq üçün aparıcı universitetlərdə təhsil almağı və peşəkar mütəxəssis kimi hazırlanmağı düşünürdüm. Buna görə də xaricdə, İngiltərədə təhsil almaq mənim lap aşağı siniflərdən qarşıma qoyduğum məqsədlərimdən biri idi. Bu məqsədimin yaranmasının əsas səbəbi təhsil aldığım məktəbdə bunun üçün lazımi hər bir şəraitin yaradılması olub. Valideynlərim də mənim bu məqsədimə dəstək çıxırdılar. Böyük Britaniyanın Birmingem Universitetinə müraciət etməkdə ilk köməkliyi məktəbdən aldım, müraciətim müsbət nəticələndi, dövlətim və ailəm mənə maddi və mənəvi dəstək oldular.

“Təhsil islahatlarının effektli olacağına inanıram”

Dövlət Proqramına qəbul olunmağım barədə xəbəri almaq uzunillik arzularımın gerçəkləşməsi demək idi. Ümidlərimin özünü doğrultma anının sevincini bu gün də, ən azı həmin günkü qədər yaşayıram. Zənnimcə, elmə yatırılan sərmayə hər bir cəhətdən ən dəyərli nəticə verən bir addımdır. Bu proqram mən və mənim kimi minlərlə Azərbaycan gəncinin xaricdə təhsil alma arzularının baş tutmasına səbəb olub. Əminəm ki, məhz bu proqramın nəticəsi olaraq ölkəmizin hər bir sahədəki inkişafı daha da sürətlənəcək.

Sevindirici haldır ki, Azərbaycan təhsilində çox mütərəqqi dəyişikliklər baş verməkdədir. Ölkəmizdə gedən təhsil islahatlarının effektli olacağına inanıram. Mütərəqqi dəyişikliklərdən biri olaraq bu ildən ali tədris müəssisələrində hazırlıq kurslarının tətbiqini misal göstərmək olar.

“Bu gün təhsil aldığım sahəni sevdiyimi deyə bilərəm”

Böyük Britaniya inkişaf etmiş təhsil sisteminə malikdir. Burada orta təhsil 12 illikdir. Son iki ildə şagirdin seçiminə əsasən onun ixtisaslaşmaq fikrində olduğu fənlər üzrə tədris aparılır. Fikrimcə, bu yolla şagird ali təhsilə daha hazırlıqlı başlayır. Kimya mühəndisliyini özümə ixtisas seçəndə bunun asan olmayacağını bilirdim. Lakin ölkəmizdə bu sahə üzrə kadrlara daha çox ehtiyac olduğunu nəzərə aldım. Bu sahədə dərin biliyə sahib olmasam da, dəqiq elmləri qavrama qabiliyyətimə güvəndim. Bu gün isə təhsil aldığım sahəni sevdiyimi deyə bilərəm.

Onu da qeyd edim ki, bu universitet kimya mühəndisliyi üzrə Birləşmiş Krallıqda 3-cü yerdədir. Kimya mühəndisliyində təhsil alan bir tələbə kimi “Bioreaktorların və katalizatorların dizayn edilməsi”, “Kimya prosesində enerji səmərəliliyinin artırılması”, “İstehsalatın elektron idarə olunması” və digər bir çox nəzəri elmlərlə tanışam. Məni ən çox cəlb edən fənn isə prosesin elektron idarə olunması fənnidir. Burada biz verilmiş prosesdə lazımi faktorların, misal üçün temperaturun, təzyiqin, axın sürətinin və s. prosesə olan təsirini riyazi formullaşdıraraq onu elə proqramlaşdırırıq ki, maraq dairəsində olan faktorda müşahidə olunan xoşagəlməz (və ya idarə olunmayan) dəyişikliyin əldə olunan məhsula zərəri olmasın.

 

Dərslərimdən əlavə vaxtlara gəldikdə isə demək istəyirəm ki, tələbə həyatımın əsas hissəsini kitabxanada dərslərimə və ixtisaslaşmaqda olduğum sahəyə aid araşdırmalar aparmaq təşkil edir. Dərsdənkənar olaraq artıq 3 ildir ki, Birmingem Universitetinin Azərbaycan cəmiyyətinə sədrlik etməklə yanaşı, həm də kimya mühəndisliyi fakültəsinin tələbə nümayəndəsi vəzifəsini yerinə yetirirəm. Bu fəaliyyətlər gündəlik cədvəlimin tam olaraq dolmasına kifayət edir. Lakin zehni əməklə yanaşı, idmanın üzgüçülük və “jiu- jitsu” növləri ilə də mütəmadi məşğul oluram. Semestr ərzində bədii mütaliəyə vaxt ayırmağa çətinlik çəksəm də tətil vaxtlarında bu mənim əsas məşğuliyyətimə çevrilir.

“Tələbələrin professorlara öz adları ilə müraciət etməsi mənə təəccüblü gəlmişdi”

Birmingem Universitetində müəllim-tələbə münasibəti tam fərqlidir. Tələbələrin müəllimlərə, professorlara, sadəcə öz adları ilə müraciət etməsi mənə təəccüblü gəlmişdi. İlk baxışdan düşünmüşdüm ki, burada tələbə-müəllim münasibəti iki dost münasibətinə bənzərdir. Lakin sonralar bunun fərqli olduğunu, müəllimlərin tələbələrlə dərsdənkənar heç bir əlaqələrinin olmadığını gördüm. Burada bütün universitet üzrə əsas imtahanlar yalnız yay semestrində (yəni may-iyun aylarında) baş tutur.

 

İmtahan gedişində heç bir innovativ vasitələrdən istifadə olunmur. Amma şəffaflığın qorunmasının təmin olunması məqsədi ilə imtahan olunan tələbələrin cavab blanklarının kimə məxsusluğu yoxlayıcı müəllimdən gizli saxlanılır. İl ərzində isə qiymətləndirmə laboratoriya işlərinə dair aparılmış araşdırmanın nəticəsi və hazırlanmış hesabat üzrə müəyyən edilir. Bir çox fənn üzrə 2 saatlıq mühazirə 1 saatlıq çalışma ilə tamamlanır. Çalışma saatlarında həm müəllim, həm də “nümayişçi” (assistent) doktorantlar mövzu üzrə olan suallarımızı cavablandırır və qaranlıq qalan məqamları aydınlaşdırırlar.

“3 ildir ki, fakültə tələbələrinin rəğbətini qazanıram”

Qeyd edim ki, burada universitet demək olar ki, kiçik bir şəhər kimidir. Ən böyük üstünlüklərdən biri isə odur ki, burada fərqli ölkələrdən dünyaya fərqli baxışları olan tələbələri tanımaq imkanı var. Təhsillə yanaşı, tələbələrin öz fərqli qabiliyyətlərini artıra bilmələri üçün istər tələbə ittifaqında, istərsə də universitet departamentlərində “yarım-ştat” (bəzən ödənişli) məşğuliyyətlər təklif olunur. Təklif olunan yerlərə fəal tələbələr namizədliyini irəli sürür, digər tələbələr isə namizədlərin platformalarına əsasən səs verirlər.

Misal olaraq özümün kimya mühəndisliyi fakültəsinin tələbə nümayəndəsi seçilməyimi göstərə bilərəm. Artıq 3 ildir ki, fakültə tələbələrinin rəğbətini qazanıram və onların dəstəyi ilə bu vəzifəyə layiq görülürəm. Təhsil aldığım universitetdə ciddi elmi tədqiqatlara, əsasən doktoranturada təhsil alan tələbələr cəlb olunurlar. Bakalavr səviyyəsində isə layiqli tələbənin istəyi əsasında yay tətili dövründə ödənişli assistentlik fəaliyyəti imkanları yaradılır. Ötən yay tətilində bu imkandan mən də yararlanmışam.

Ümumiyyətlə, götürdükdə isə Birmingem Universitetinin özünün elm-təhsil mühiti ilə bütün ümidlərimi doğrultduğunu deyə bilərəm. Ona görə ki, burada təhsil almaqla mən öz sahələrində məşhur olan, bir çox mükafatlar almış alimlərin əhatəsində biliklərə yiyələnirəm. Nobel mükafatı laureatlarının dərsdənkənar mühazirələrində iştirak edərək onlarla həm söhbət edir, həm də məni maraqlandıran suallarımı onlara ünvanlayıram. Burada elm və sosial şərait daha geniş təşkil edilib. Bir sözlə, ümidlərimin doğrulmuş olduğunu təsdiqləyə bilərəm.

“Birləşmiş Krallığın parlamenti ilə birgə tədbir təşkil etdim”

Mən buraya gəldikdən sonra Böyük Britaniyada fəaliyyət göstərən “Anglo-Azərbaycan” və “Avropa Azərbaycan” cəmiyyətləri ilə əlaqə yaratdım və onların bir sıra tədbirlərində iştirak edərək ölkəmizə buradakı diasporamızdan olan dəstəyin bir hissəsi olmağa çalışıram. Burada həmvətənlərimizin, tələbələrin təşkilatlanması və geniş fəaliyyəti üçün bütün lazımi addımlar atılır. Birmingem Universitetinin tələbə ittifaqında Azərbaycan cəmiyyətinin olmadığını bildikdə qarşıma qoyduğum yeni məqsədlərdən belə bir təşkilatı təsis etmək olmuşdu. Belə də etdim. Artıq ikinci ildir ki, sədrlik etdiyim bu cəmiyyətin fəaliyyətinin genişlənməsinə çalışıram.

Qeyd edim ki, Birləşmiş Krallığın parlamenti ilə ilk birgə tədbir təşkil etdim. Bildiyim qədər, o vaxta kimi universitetimizdə hələ heç bir tələbə cəmiyyəti ilə Britaniya parlamenti arasında tədbir təşkil olunmamışdı. Tərəfimdən ölkəmizin ən böyük təbliğinə isə hər ilin sentyabr ayında universitet nəzdindəki cəmiyyətlərin sərgisində Azərbaycan cəmiyyətini təmsil etməklə nail oluram. Burada 250-dən çox cəmiyyətlər arasında 35000-dən çox tələbənin ziyarət etdiyi sərgidə vətənimin təbliğinə nail olmaq məni qürurlandırır.

Sonda gələcək planlarımla bağlı qeyd etmək istəyirəm ki, hazırda qarşımda duran məqsədlərin ən əsası ali təhsilimi uğurla başa vurmaq, elmi və təcrübi fəaliyyətimi davam etdirərək dövlətimə, xalqıma, cəmiyyətə daha çox xeyir verməkdir”.

 

1news.az


7 il əvvəl