13.03.2017

Lənkəran və Masallıda tədbir keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü proqramının təşkilatçılığı və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə Masallıda yerləşən “ASAN İntellektual” inkişaf mərkəzində tələbə-könüllülər üçün “Ünsiyyət bacarığı” mövzusunda təlim keçirilib.

Təlimlərin məqsədi tələbə-könüllülərin peşəkar və könüllü fəaliyyətlərində zəruri vərdiş və bacarıqların formalaşmasına dəstək olmaqdır.

Təlimdə ölkəmizdə yerli və beynəlxalq tədbirlərdə gənclərin iştirakı və fəaliyyətinin bəhs edilib,  tələbələrin ünsiyyət və natiqlik bacarıqlarına yiyələnmələrinin vacibliyi vurğulanıb. Tələbələrə bədən dili, yığcam, məzmunlu və təsirli nitq barədə ətraflı məlumat verilib, könüllü fəaliyyətində müvafiq vərdiş və bacarıqların əhəmiyyətindən danışılıb.

Analoji təlim Lənkəranda da təşkil edilib.

Lənkəran Dövlət Universitetinin dəstəyi ilə keçirilən təlim zamanı  “Layihə idarəetməsinin əsasları”, “Layihənin mərhələləri”, “Layihənin hədəfləri”, “Büdcənin planlaşdırılması”, “Layihə riskləri”, “Layihə menecerinin rolu”, “Layihələrdə ünsiyyət”, “Komanda işinin təşkili” mövzularından bəhs olunub.

Qeyd edək ki, Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramı tələbə-könüllülərlə işi sistemləşdirmək və müvafiq fəaliyyəti stimullaşdırmaq üçün 2015-ci ilin dekabrında yaradılmış uzunmüddətli proqramdır. Könüllüləri vahid məlumat bazasında birləşdirən proqram Azərbaycanda könüllülük fəaliyyətinin istiqamətləndirilməsinə kömək edir. Proqram Azərbaycanın 6 şəhərində yerləşən 34 ali və orta ixtisas təhsil müəssisəsini əhatə edir. Hazırda 9,000-dən artıq könüllü bazasına sahib olan Proqram “Formula 1” üzrə Avropa Qran-Pri yarışlarında fəal təmsil olunub. Ümumilikdə, ötən dövr ərzində tələbə-könüllülər 80-ə yaxın müxtəlif tədbirləri müşayiət ediblər.


Açar sözlər: ,