06.03.2017

“Novruz mühazirələri” UNEC-də davam edib

Martın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) növbəti “Novruz mühazirəsi” keçirilib.

Budəfəki görüşdə UNEC-in “İqtisadiyyatın tənzimlənməsi” kafedrasının müdiri Məhiş Əhmədovun “Milli iqtisadiyyat üzrə strateji yol xəritəsi davamlı inkişafa keçid konsepsiyası kimi” mövzusunda mühazirəsi dinlənilib.

Mühazirədə UNEC-in rektoru Ədalət Muradov, universitetin professor-müəllim heyəti, təhsil ekspertləri və tələbələr iştirak ediblər.

Məhiş Əhmədov Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planından, 2025-ci ilədək və ondan sonrakı dövr üçün hədəf baxışdan ibarət olduğunu bildirib.

Mühazirəçi sənədin təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meylləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin SWOT təhlilini (GZİT- güclü tərəflər, zəif tərəflər, imkanlar və təhlükələrin təhlili), görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə etdiyini vurğulayıb.

Məhiş Əhmədov mühüm sənədin strateji hədəflərini açıqlayıb. Mövzuya Azərbaycan üçün qlobal və regional kontekstdən baxaraq, onilliklər ərzində iqtisadiyyata təsirlərin ilk əlamətlərinin artıq indidən görünməkdə olduğunu diqqətə çatdırıb.

Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


Açar sözlər: ,  ,