02.03.2017

Oksford Universitetinin Nizami Gəncəvi adına  Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin məlumatı

 

 

2013-cü ildən dünyanın ən qədim və  nüfuzlu universitetlərindən biri olan Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi fəaliyyət göstərir. Mərkəz Oksford Universitetinin tərkib hissəsi və nadir tədqiqat müəssisəsi olaraq  Azərbaycan və  onun elmi irsi üçün xüsusi və mühüm əhəmiyyət daşıyır. Elmi mərkəzin yaradılmasının təşəbbüskarı və onun Azərbaycan tərəfdən rəhbəri AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayevadır. Mərkəzin Britaniya tərəfdən rəhbəri, Oksford Universitetinin Şərqşünaslıq fakultəsinin professoru, Edmund Hersiqdir.

Nizami Gəncəvi Mərkəzi  Oksford Universitetinin rəsmən qəbul edilmiş və tanınmış struktur bölməsidir və həmin Universitetin tək Şərqşünaslıq  fakültəsi ilə bağlı məsələləri  deyil, ümumiyyətlə Oksford Universitetində  digər sahələrdə  elm və təhsillə bağlı olan bütün məsələlərdə Azərbaycan üzrə koordinator səlahiyyətlərinə malikdir.

Hal-hazırda Mərkəz Oksford Universiteti tərəfindən tərtib və təsdiq edilmiş 5 illik elmi-tədris proqram üzrə kitabların yüksək akademik səviyyədə tərcüməsi, Bərdə şəhərində arxeoloji tədqiqatların aparılması, beynəlxalq konfransların keçirilməsi, əlyazmaların öyrənilməsi, aspirant və magistrantların hazırlığı istiqamətində fəaliyyət göstərir. Həmçinin Oksford Universitetinin qaydaları çərçivəsində mədəni-akademik layihələri də həyata keçirərək dünya elmi-intelektual birliyi ilə əlaqələr yaratmağa çalışır.

Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzi  yarandığı gündən  Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı onun ilkin partnyoru olmuş və  həmin mərkəzlə ən sıx əməkdaşlıq əlaqələri qurmuşdur. Belə ki, MDU-nun Bakı filialı Azərbaycanda fəaliyyət göstərən bütün elmi müəssisə və təşkilatlar üçün  də yeganə əlaqə mərkəzidir. MDU-nun Bakı filialında bu funksiyanı yerinə yetirən “Oxford Room” adlı xüsusi şöbə mövcuddur.  Şöbə Mərkəzin fəaliyyəti ilə maraqlanan, onun ali missiyasına köməklik göstərmək istəyən təhsil və elm müəssisələrini, fiziki və  hüquqi şəxsləri Mərkəzin fəaliyyəti haqqında informasiya ilə təmin edir. Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinə  edilən  bütün birbaşa  müraciətlər  “Oxford Room” şöbəsinə göndərilir və burada ilkin baxışdan keçirilir. Nizami Gəncəvi Elmi  Mərkəzinin  fəaliyyəti haqqında bütün məsələlərlə əlaqədar aşağıdakı ünvana  müraciət edə bilərsiniz:

 

Lomonosov adına MDU-nun Bakı filialı, “Oxford Room”.

AZ 1144, Azərbaycan, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Universitet küçəsi 1.

Tel/fax : (+994 12)598 97 39 ; mob (+994 55) 222 98 87

 e-mail: oxfordroom@msu.az; nizami.ganjavi@orinst.ox.ac.uk

 

http://www.orinst.ox.ac.uk/research/nizami-ganjavi/home


Açar sözlər: ,