26.01.2017

II İngilis dili Olimpiadası keçiriləcək

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin X və XI sinif şagirdləri arasında II İngilis dili Olimpiadası keçiriləcək.

Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə xarici dilin öyrənilməsinə marağı artırmaq, şagirdlərin müvafiq bilik və bacarıqlarını bir daha sınaqdan keçirmək, onların əldə etdikləri xarici dil biliklərini möhkəmləndirməkdən ibarətdir.

Olimpiadanın fevralın 19-da keçiriləcək ilk turunda şagirdlərin İngilis dilinin qrammatikası üzrə bilikləri və mətni oxuyub anlama bacarıqları yoxlanılacaq. Yüksək nəticə göstərmiş şagirdlər olimpiadanın martın 12-də keçirilməsi nəzərdə tutulan ikinci turunda iştirak edəcək və onların dinləmə, esse yazma qabiliyyətləri yoxlanılacaq.

Olimpiadada iştirak etmək üçün məktəblilər fevralın 14-dək www.olympiad.ada.edu.az saytında qeydiyyatdan keçə bilərlər.

Şagirdlərin qeydiyyatı prosesinə köməklik göstərilməsi üçün ümumi təhsil müəssisələrində koordinator-müəllimlər təyin edilib.

Qeyd edək ki, II İngilis dili Olimpiadası “ADA” Universitetinin təşkilatçılığı ilə keçirilir.