09.12.2016

Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib

Dekabrın 9-da “BİR” Tələbə-Könüllü Proqramının təşkilatçılığı ilə Beynəlxalq Könüllülər Gününə həsr olunmuş Azərbaycan Tələbə-Könüllülərinin 2-ci Forumu keçirilib.

Forumda təhsil naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, beynəlxalq qurumların nümayəndələri, tələbə-könüllülər və media təmsilçiləri iştirak edib.

Forum Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ötən il keçirilmiş forumla və görülmüş işlərlə bağlı hesabat video-çarxı nümayış olunub, tələbə-könüllülərin himni səsləndirilib.

Təhsil naziri Mikayıl Cabbarov forum iştirakçılarını salamlayıb və könüllülük hərəkatının inkişafı, tələbələrin ictimai həyatda fəal iştirakı baxımından forumun əhəmiyyətini nəzərə çatdırıb. Nazir bildirib ki, bu gün savadlı, innovativ, milli dəyərləri qorumaqla qlobal dünyaya hazır olan nəslin yetişdirilməsi ən başlıca vəzifəmizdir.

Nazir könüllülük hərəkatının müasir Azərbaycan üçün nisbətən yeni bir hadisə olduğunu deyib. Könüllülərin fəaliyyətinin ölkə Prezidenti tərəfindən xüsusi vurğulandığını qeyd edən təhsil naziri son illər ərzində ölkədə keçirilən bir sıra iri miqyaslı tədbirlərin təşkilində onların rolundan danışıb.“Tələbə-könüllülərin fəaliyyəti yalnız böyük əhəmiyyətli tədbirlərdə iştirakla məhdudlaşmamalıdır, bu,  bir sıra daimi həyata keçirilən layihələri də əhatə edə bilər. Belə ki, tarixi irsimizin və abidələrimizin öyrənilməsində, aşkarlanmasında, ekologiyanın qorunmasında, sağlam həyat tərzinin aşılanmasında könüllülərin öz təşəbbüsləri ola bilər”.

Təhsil naziri “Bir” Tələbə-Könüllü Proqramına dəstək verən və bu proqramla əməkdaşlıq edən qurumlara  təşəkkür edib, tələbə-könüllülərə isə uğurlar arzulayıb.

Gənclər və idman naziri Azad Rəhimov, BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsinin müavini Alessandro Frakasetti çıxış edərək ölkəmizdə keçirilən beynəlxalq əhəmiyyətli tədbirlərdə tələbə-könüllülərin fəal iştirakını yüksək dəyərləndirib, könüllülər hərəkatının inkişafının əhəmiyyəti qeyd ediblər.

Sonra “Bir” Tələbə-Könüllü Proqramı ilə əməkdaşlıq edən qurumlara tərəfdaşlıq sertifikatları təqdim olunub.

Forum tələbə-könüllülər təltif edildikdən sonra onların ifasında məşhur “Tələbə” mahnısının səsləndirilməsi ilə başa çatıb.

Təhsil Nazirliyinin “BİR” Tələbə-Könüllü Proqramı ölkəmizin mədəni və ictimai inkişafında böyük rol oynayan tələbə-könüllülərlə işi sistemləşdirmək, müvafiq fəaliyyəti stimullaşdırmaq üçün yaradılan uzunmüddətli proqramdır.

Hazırda 7 mindən artıq könüllü bazaya sahib olan “BİR” könüllülər Bakıda keçirilmiş “Formula 1” üzrə Avropa Qran-Pri yarışlarında 1147 tələbə ilə fəal iştirak ediblər. Ötən dövr ərzində 63 müxtəlif səviyyəli tədbirlərdə iştirak edən könüllülər ölkəmizin 6 regionunda, 17 təhsil müəssisəsində təmsil olunublar.