31.10.2016

II Elm Festivalı keçirilir

Oktyabrın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) təşəbbüsü ilə keçirilən II  Elm Festivalının açılış mərasimi olub.

Festival UNESCO, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, ABŞ-ın Azərbaycandakı səfirliyiMoskva Dövlət Universitetinin təşkilati dəstəyi ilə reallaşdırılıb.

Tədbir iştirakçıları əvvəlcə Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

AMEA-nın prezidenti Akif Əlizadə tədbiri giriş sözü ilə açaraq II Elm Festivalının ölkəmiz və elmimiz üçün böyük əhəmiyyət daşıdığını söyləyib. Bildirib ki, tədbirin əsas məqsədi elmin bugünkü nailiyyətlərini geniş ictimaiyyətə tanıtmaq, müasir elmi bilikləri təbliğ etmək, gəncləri elmi fəaliyyətə cəlb etməklə elmi-tədqiqat işlərinə marağı artırmaqdır.

Sonra çıxış edən təhsil naziri Mikayıl Cabbarov müstəqil Azərbaycanın 25 il ərzində elm və ali təhsil sahəsində keçdiyi yoldan söz açıb. Nazir müstəqillik illərində ölkəmizdə təhsil sisteminin sürətlə inkişaf etdiyini vurğulayaraq ali təhsil müəssisələrinə qəbul olunanların sayının 2016-cı ildə 1990-ci ilə nisbətdə 2 dəfədən çox artdığını diqqətə çatdırıb.

Nazir bu il qəbul edilmiş “Elm haqqında” Qanunda ali təhsil müəssisələri üçün yeni “tədqiqat universiteti” statusunun müəyyənləşdirildiyini qeyd edib. Bildirib ki, bu, ali məktəblərin elmi fəaliyyətinin stimullaşdırılması və onların qarşısında qoyulan yeni tələblərlə bağlıdır.

Mikayıl Cabbarov təhsilin keyfiyyətini yüksəltmək məqsədilə elmin gücündən istifadənin genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Bunun üçün Təhsil Nazirliyi Milli Elmlər Akademiyası, ölkədə fəaliyyət göstərən elmi təşkilatlar və biznes strukturları ilə birlikdə elm və təhsil arasındakı əlaqəni gücləndirməyə, elmi əməkdaşlığı inkişaf etdirməyə səy göstərir. Təhsil Nazirliyinin dəstəyi ilə AMEA-da magistratura yaradılması, AMEA ilə Təhsil Nazirliyinin bir sıra layihələri birgə reallaşdırması bu əməkdaşlığın nəticəsidir.  

Çıxış edənlər festivalın elmi nailiyyətlərin təbliğində, elmə marağın artırılmasında mühüm rol oynayacağına əminliklərini bildiriblər.

Tədbir bədii hissə ilə davam edib.

Sonra qonaqlar AMEA-nın Alimlər Evində təşkil edilmiş sərgi ilə tanış olublar.

Festival AMEA-nın Mərkəzi Elmi Kitabxanası, Geologiya və Geofizika İnstitutu, Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, Fizika İnstitutunda, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi və 132-134 nömrəli Təhsil Kompleksində təşkil olunmuş elmi-populyar mühazirələrlə davam edir.


Açar sözlər: