10.10.2016

“Məktəblinin dostu” pilot layihəsi üzrə müsahibə mərhələsi başlayıb

Oktyabrın 10-da 3 saylı “ASAN xidmət” mərkəzində “Məktəblinin dostu” pilot layihəsi üzrə imtahanların müsahibə mərhələsinin başlanılması ilə bağlı görüş keçirilib.

Görüşdə millət vəkilləri, təhsil ekspertləri, QHT rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

Çıxış edənlər layihənin əhəmiyyətindən danışaraq bunun təhsilin idarəedilməsinin təkmilləşdirilməsində, valideynlərin ümumi təhsil müəssisələrinin həyatında daha yaxından iştirakında mühüm rol oynayacağına  ümidvar olduqlarını bildiriblər.

Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə start verdiyi “Məktəblilərin dostu” layihəsinin həyata keçirilməsi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə maarifləndirmə və diaqnostik işlərin aparılması məqsədi daşıyır.

“Məktəblinin dostu” hər bir yaş mərhələsində uşaqların hərtərəfli şəxsi keyfiyyətlərinin və intellektual inkişafının təmin olunması, onlarda özünütərbiyə və özünüinkişaf bacarığının formalaşdırılmasında iştirak edəcək.

İmtahanların test mərhələsi oktyabrın 2-də  keçirilib. Bir saat yarım davam edən imtahanda namizədlərə Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti, məntiqi düşünmə qabiliyyəti sahələri üzrə 50 sual təqdim edilib.

Seçilmiş namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıblar. Müsahibə mərhələsində ictimai fəaliyyətdə aktiv iştirak edən, könüllü kimi müxtəlif proqramlarda çalışan, xarici dil biliklərinə yiyələnən namizədlərə üstünlük veriləcək. Müsahibədən uğurla keçən namizədlər təlimlərə cəlb olunacaqlar. Təlimin sonunda qiymətləndirmə nəticələrinə əsasən müəyyən edilən namizədlər “Məktəblinin dostu” seçiləcəklər.

Layihə ilk mərhələdə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçiriləcək. Gələcəkdə layihənin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. 


Açar sözlər: ,