27.09.2016

Bakıda X Azərbaycan Beynəlxalq Təhsil Sərgisi keçiriləcək

7-9 oktyabr 2016-cı il tarixində Bakı Ekspo Mərkəzində Azərbaycanın təhsil sahəsi üzrə yeganə sərgi - Təhsil Nazirliyinin rəsmi dəstəyi və iştirakı ilə təşkil olunan 10-cu Yubiley Beynəlxalq Təhsil Sərgisi öz işinə başlayacaq.

Bu il Təhsil Sərgisində Azərbaycan, Almaniya, Latviya, Litva, Polşa, Macarıstan və digər ölkələrin ali təhsil müəssisəsi, kollec və digər təhsil qurumlarının nümayəndələri sərgi ziyarətçilərini təhsil proqramları ilə tanış edəcəklər.

Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriat, magistratura, aspirantura, eləcə də ikinci ali təhsil və MBA proqramı, o cümlədən işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim olunacaq.

Ziyarətçilər sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, qəbula daha yaxşı hazırlıq, sənəd qəbulu müddəti, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab tapmaq imkanı qazanacaqlar.

Sərgidə ali təhsil müəssisələrinin reytinq və ixtisaslaşmalarını, habelə digər məsələləri öyrənmək mümkün olacaq.

Təhsil Sərgisinə giriş 9-11-ci sinif şagirdləri, eləcə də onların valideynləri, habelə abituriyentlər, tələbələr, məktəb direktorları, ali məktəb rektorları, təsərrüfat işləri üzrə prorektorlar və təhsil sahəsinin digər peşəkarları üçün açıq olacaq.

Sərgidə iştirak etmək istəyənlər elektron qaydada (http://eduexpo.az/2016/?p=visitors_fast_register) qeydiyyatdan keçə bilərlər.

Sərginin keçiriləcəyi günlərdə ziyarətçiləri metronun “Koroğlu” stansiyasından sərgi mərkəzinə və geriyə (ödənişsiz) daşıyacaq xüsusi avtobuslar təşkil olunacaq.

Sərgi haqqında http://eduexpo.az/2016/ saytından daha ətraflı məlumat əldə edə bilərsiniz.


Açar sözlər: ,