14.09.2016

Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib

Sentyabrın 14-də Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib.

Konfransda Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və əməkdaşları, məktəb direktorları, müəllimlər və media nümayəndələri iştirak ediblər.

Tədbirdən öncə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları və bir sıra təhsil işçiləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək onun ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Konfrans Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevanın hesabat məruzəsi dinlənilib.

M.Vəliyeva çıxışında Bakı təhsilində 2015 -2016-cı tədris ilində əldə olunan nailiyyətlər, perspektivlər və təhsilin inkişafı istiqamətində görülən işlər barədə geniş məlumat verib.

Konfransda çıxış edən təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsindəki uğurlar və mövcud problemlərin həlli istiqamətində qarşıda duran vəzifələrdən danışıb. “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən nazir bir sıra digər həlli vacib məsələləri, yeni dərs ilində təhsil ictimaiyyətinin qarşısında duran əsas vəzifələri nəzərə çatdıraraq, təhsildə şəffaflıq məsələlərinin vacibliyini vurğulayıb.

Nazir məktəb-valideyn münasibətlərinin əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin önəmini qeyd edib, beynəlxalq olimpiadalarda uğur qazanan şagirdlərin sayının artdığını bildirib. Təhsil naziri çıxışı zamanı 2016-2017-ci tədris ilinə “Təhsildə dəyərlər” ili kimi yanaşmağı təklif edib. Bununla əlaqədar olaraq, nazir çıxışında təhsildə məzmun, müəllim, idarəetmə, yaxşı məktəb, zəif məktəb kimi məsələlərə geniş yer ayırıb.

Mikayıl Cabbarov çıxışının sonunda Təhsil Nazirliyinin təşkil etdiyi təlimlərdə iştirak edərək direktor vəzifəsinə təyin olunan şəxsləri də təbrik edib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Konfransda həmçinin, 234 nömrəli tam orta məktəbin direktoru Ülvi Məmmədovun, 5 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Gülnarə Abdullayevanın, 225 nömrəli tam orta məktəbin valideyni Vəfa Hüseynzadənin və bu il ali məktəblərə qəbul imtahanında 700 bal toplamış 220 nömrəli məktəb-liseyin məzunu Elvin İsayevin çıxışları dinlənilib.

Konfransda 2015-2016-cı tədris ili ərzində BŞTİ-nin əldə etdiyi uğurları əks etdirən videoçarx nümayiş olunub.                      

Daha sonra 30 ümumi təhsil müəssisəsi tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlərə və əldə edilmiş nailiyyətlərə görə Təhsil Nazirliyi tərəfindən Fəxri fərmanla təltif olunub.

www.baku.edu.gov.az

 


Açar sözlər: ,  ,  ,