05.09.2016

Qəbələdə ilk peşə-ixtisas təhsilinə həsr olunmuş tədbir keçirilib

Sentyabrın 2-də Qəbələdə Təhsil NazirliyiBMT İnkişaf Proqramının (UNDP) təşkilatçılığı ilə Qəbələ Peşə Məktəbində tətbiqi planlaşdırılan “Kənd təsərrüfatı üzrə yeni ixtisasların təqdimatı” keçirilib.

Tədbirdə rayon ictimaiyyəti və idarəetmə orqanlarının təmsilçiləri, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Regional Kənd Təsərrüfatı İdarəsi və özəl sektorun nümayəndələri iştirak ediblər.

Tədbirin məqsədi görülən işlər haqqında rayon ictimaiyyətini və hədəf qruplarını məlumatlandırmaq və Qəbələ Peşə Məktəbi ilə özəl sektor arasında əməkdaşlığın gücləndirilməsinə dəstək verməkdən ibarətdir.

Tədbirdə çıxış edən Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev layihənin rayon üçün əhəmiyyətindən söhbət açıb.

Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdir müavini Pərviz Yusifov Qəbələ Peşə Məktəbinin yenidən qurulması üzrə həyata keçirilən tədbirlər və bu istiqamədə beynəlxalq təşkilatlarla birgə reallaşdırılan layihələr haqqında məlumat verib. P.Yusifov Qəbələ Peşə Məktəbinin bazasında beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış kənd təsərrüfatı ixtisasları üzrə Müasir Tədris Mərkəzinin yaradılması istiqamətində işlərin həyata keçirildiyini, yeni tədris korpusu, emalatxana və təlim kabinetlərinin tikinti işlərinin davam etdirildiyini vurğulayıb. Layihə çərçivəsində əmək bazarının tələblərinə cavab verən yeni ixtisasların və dərs vəsaitlərinin hazırlanması, müəllim-pedoqoji heyəti üçün təlimlərin təşkili planlaşdırılır.

BMT-nin İnkişaf Proqramının nümayəndəsi Eltəkin Ömərov “Böyük Qafqaz landşaftında dayanıqlı torpaq və meşə idarəçiliyi” layihəsi və “EC ClimaEast Pilot” layihəsi, “İqlim dəyişikliyinə ekosistem əsaslı yanaşma” layihəsi çərçivəsində "Heyvandarlıq mütəxəssisi" ixtisası üzrə dərs vəsaitlərinin hazırlanması haqqında məlumat verib.

Tədbirdə BP şirkətinin maliyyələşdirdiyi “Kənd Təsərrüfatında Yeni Peşə İxtisaslarının Hazırlanması” layihəsi çərçivəsində “British Counsil” təşkilatı tərəfindən “Bitkiçilik mütəxəssisi" və “Aqroservis mütəxəssisi” ixtisası üzrə dərs vəsaitlərinin hazırlanması haqqında da məlumat verilib.


Açar sözlər: