18.08.2016

“Müəllimi harada, hansı şəraitdə işləməsi düşündürməməlidir” - “Uğur formulu”

2010 və 2012-ci illərdə rayon üzrə 2 dəfə «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qalibi olmusunuz. Nailiyyətinizin uğurunu nədə görürsünüz və bu yolda çətinlikləriniz olubmu?

- Ali məktəbi 2004-cü ildə bitirib təyinatımı Gədəbəy rayonuna təqdim edib hərbi xidmətə yollandım və 2005-ci ildə bitirib təyinatım üzrə müəllimlik fəaliyyətinə başladım. Bu başlanğıc üçün gözəl bir şans oldu. Qarşıma çıxacaq bütün çətinliklərə hazır idim. Təmirsiz məktəb, davamiyyəti aşağı olan siniflər, uşağının oxumasına maraq göstərməyən valideynlər, təhsilə marağı aşağı olan şagirdlər məni qorxutmadı, əksinə öz üzərimdə çalışmaq, məsuliyyətimi artırmaqla bərabər peşəmə bağlılığımı gücləndirdi. Müəllimlik şərəfli bir peşədir. Əlbəttə müəllimlik adının şərəfli olduğunu hələ mən şagirdlik illərimdən bilmişəm və bu da məni bu peşəyə gətirib. İlk dəfə sinif otağına girəndə çox həyəcanlı idim. Şagirdlər də çox sevincli və həyəcanlı görünürdülər, çünki onlara dərs deyəcək müəllim müasir, istedadlı, yeniliklərlə onların dünya görüşünü artıracaq gənc müəllim idi. Qısa bir müddətdə şagirdlərin, müəllim kollektivinin, rayon sakinlərinin rəğbətini qazandım və 2010-cu ildə « İlin ən yaxşı müəllimi» mükafatına layiq görüldüm.

Bakıda anadan olmusunuz, burada yaşayıb, təhsil almısınız. Hazırda isə rayonların birində müəllim kimi çalışırsınız. Bu seçiminiz sizi qane edirmi ? 

- Bakıda anadan olsam da əslim, soyum-köküm böyük və canlı təbiətə malik olan Gədəbəydən olub. Hər yay tətilində valideynlərimlə bərabər bu rayona gəlmişəm. Gədəbəy rayonunun təbiəti məni hələ uşaqlıqdan özünə cəlb etmişdi. Elə bu sevgi də mənə coğrafiya fənini sevdirib və mən coğrafiya müəllimi olmuşam.

Rayonda işləməyə başladığım vaxtdan bu günə qədər şagirdlərim coğrafiya fənnindən qəbul imtahanlarında və olimpiadalarda yüksək nailiyyət göstərib. Bu səbəbdən rayon rəhbərliyi 2012-ci ildə yenidən məni «İlin ən yaxşı müəllimi» mükafatına layiq bildi.

Regionlarda çalışmaq istəyən gənc müəllimlərə nə tövsiyə edərdiniz ? 

- Regionlarda çalışmaq istəyən müəllimlərə əsas tövsiyəm odur ki, birinci öz peşələrini sevsinlər. Müəllim adının şərəfini və şərəfli olmağını yaddan çıxarmasınlar. Onları harada, hansı şəraitdə işləmələri yox, öz peşələrinə bağlı olmaları düşündürsün.

Bu düşüncəylə də işə başlasınlar. Qoy gənc müəllimlərimiz vətənimizin, xalqımızın dünya səviyyəsində tanınması və gələcək nəsillərin savadlı olmasını düşünsünlər.

Tədris etdiyiniz Gədəbəy rayonu Slavyanka kənd 1 saylı Q.Əhmədov adına orta məktəbində müəllim-şagird münasibəti necədir? 

- Müəllim - şagird münasibətləri həmişə cəmiyyəti düşündürən məsələlərdən olub. Hansı müəllim bu münasibəti qoruyub saxlayırsa, o tədrisdə də müəyyən irəliləyişlərə nail olur. Bu, əlbəttə mənim işlədiyim məktəbdə də belədir. Burada məktəb rəhbərliyinin də mühüm rolu var. Əsas sima isə sinifdə müəllimdir. Müəllimin davranışı və savadı, eləcə də şagirdlərlə işləmək bacarığı, pedaqoji ustalığı mühüm cəhətlərdəndir. Həm də müəllim bir şəxsiyyət kimi şagirdin nəzərində canlanmalı və şagirdinə də bir şəxsiyyət kimi baxmalıdır. Mənim işlədiyim məktəbdə müəllim-şagird münasibətləri də müvəffəqiyyətlə davam edir. Təhsil Nazirliyi məktəbimizin bu uğurlarına qiymət verərək «İlin ən yaxşı ümumtəhsil məktəbi» elan edib.

Gənclərə, həmyaşıdlarınıza nə demək istərdiniz?

- Gənclərə və həmyaşıdlarıma əsas tövsiyəm hansı sahədə işləyirlərsə, öz sənət və peşələrini sevməyi, əsas da vətənlərinə, yaşadıqları torpağa və xalqa, millətə bağlılıqlarını və vurğunluqlarını qoruyub saxlasınlar. Hər şeyi vətənin və xalqın gələcək taleyi naminə etsinlər. Bundan zövq alsınlar.

Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

- Asudə vaxtlarımda ölkə daxilində və xaricində baş verən hadisə və prosesləri izləyirəm. Özümü təkmilləşdirmək üçün xarici ölkə ədəbiyyatı və dərsliklərindən istifadə edərək yeniliklər yaratmağı çox sevirəm.

 

Lent.az

 


Açar sözlər: ,  ,