08.08.2016

Gəncə şəhərində məktəblilər üçün “Aqro düşərgə” keçirilib

 

Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” Proqramı çərçivəsində və “Kənd təsərrüfatı ili”nin uğurla davam etdirilməsi məqsədilə Gəncə şəhərində məktəblilər üçün 1-ci “Aqro düşərgə” təşkil edib.

31 iyul–7 avqust 2016-cı il tarixlərində keçirilən düşərgənin əsas qayəsi aqrar sahənin perspektiv inkişaf istiqamətləri haqqında məktəblilərin bilik və bacarıqlarının artırılması, aqrobiomüxtəlifliyin qorunması, ekoloji təmiz məhsulun yetişdirilməsinin vacibliyini təbliğ etməkdən ibarət olub.

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bazasında keçirilən “Aqro düşərgə”də 50 məktəbli iştirak edib. Onlar Bakı şəhərinin müxtəlif məktəblərində yaradılmış “Ekoklub”ların fəal üzvləri arasından seçilib.

                “Aqro düşərgə”nin rəsmi açılışında ADAU-nun tədris işləri üzrə prorektoru Anar Hətəmov, elmi işlər üzrə prorektoru Nizami Seyidəliyev, Aqronomluq fakültəsinin dekanı Məhərrəm İsmayılov və Təhsil Nazirliyi Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Firuzə Sultan-zadə çıxış edərək, ölkəmizdə aqrar sektorun inkişafının və gənc nəslin bu istiqamətə yönləndirilməsinin vacibliyi haqqında fikirlərini bildiriblər.

”Aqro düşərgə”də məktəblilərə heyvanların yetişdirilməsi, eksteryer bədən ölçülərinin öyrənilməsi, yemlənməsi, yoluxmayan daxili xəstəliklər, baytarlıq cərrahiyyəsi haqqında nəzəri və praktik biliklər verilib, eləcə də anatomiya, patoloji anatomiya muzeylərinə, akvarium və vivariuma baxış keçirilib. Həmçinin, məktəblilər kənd təsərrüfatı məhsullarının istehsalı texnologiyaları ilə tanış olub, müxtəlif məhsulların hazırlanması prosesində bilavasitə iştirak ediblər.

Düşərgə iştirakçıları Nizami Gəncəvinin məqbərəsinə və bir sıra muzey komplekslərinə səfər edərək, Gəncənin tarixi-mədəni irsi ilə yaxından tanış olub, Şəmkir rayonundakı “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində səmərəli asudə vaxt keçiriblər. Məktəblilərin “Göygöl” Milli Parkına səyahəti də yaddaqalan olub.

“Aqro düşərgə”nin sonunda bütün iştirakçılar diplomla təltif olunublar.


Açar sözlər: ,