• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq yay universitetinin açılış mərasimi keçirilib

İyulun 25-də “Ələddin” layihəsi, Avropa KomissiyasıYUNESKO-nun birgə proqramı olan Beynəlxalq yay universitetinin açılış mərasimi keçirilib.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “Ələddin” layihəsinin icraçı direktoru  Abe Radkin, yay universitetinə qatılan tələbələr, professor-müəllim heyəti və  KİV nümayəndələri iştirak edib.

Ceyhun Bayramov bildirib ki, YUNESKO-nun himayəsi altında həyata keçirilən “Ələddin” layihəsi çərçivəsində 2013-cü ildən etibarən təşkil edilən Beynəlxalq yay universitetinə bu il Azərbaycan ev sahibliyi edəcək. 

Nazir müavini qeyd edib ki, “Miqrasiya və mədəniyyətlərarası əlaqələrin gələcəyi” mövzusuna həsr edilən Beynəlxalq yay universitetində iştirakçılara zəngin multikultural dəyərlərlə malik olan Azərbaycan reallıqları haqqında  məlumat veriləcək.

Azərbaycanın dünya miqyasında beynəlxalq dialoq və əməkdaşlıq məkanı kimi tanındığını deyən C.Bayramov bildirib ki, siyasi, iqtisadi və digər sahələrdə qazanılan nailiyyətlər tolerantlıq nümunəsi olan və pozitiv imicə sahib Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini respublikamıza yönəldə bilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə  2016-ci ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması, ölkəmizin son dövrlər humanitar məsələlərlə bağlı bir çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də Azərbaycanın sivilizasiyalararası dialoqa, multikultural dəyərlərin qorunmasına verdiyi töhfələrdəndir.

C.Bayramov bildirib ki, layihənin əsas məqsədi mədəniyyətlərarası əməkdaşlığın inkişaf etdirilməsi, həmçinin beynəlxalq münasibətlərin həlledici humanitar və multikultural məsələlərinin araşdırılması imkanının genişləndirilməsindən ibarətdir.   

“Ələddin“ layihəsinin icraçı direktoru Abe Radkin bildirib ki, Beynəlxalq yay universiteti dünyada baş verən proseslərin müzakirəsi və müvafiq təhlillərin aparılması baxımından müstəsna rol oynayır. Terrorizm, ekstremizm, ayrı-seçkilik və dözümsüzlük kimi təhdidlərin qloballaşan dünyada ciddi təhlükə təşkil etdiyini deyən A.Radkin mədəniyyətlərin dialoquna ehtiyac olduğunu bildirib.

Daha sonra çıxış edənlər Azərbaycanda olmaqdan məmnunluqlarını ifadə edib, bu cür tədbirləri cəmiyyətin inkişafına təkan verən və münaqişələrin qarşısını alan amil kimi qiymətləndiriblər.

Qeyd edək ki, Azərbaycan Dövlət İqtisad Universitetinin Quba rayonunda yerləşən tədris, idman və istirahət kompleksində keçiriləcək Beynəlxalq yay universitetində iştirak etmək üçün 20-dən çox ölkənin 26 universitetindən 55 tələbə Azərbaycana gəlib. Avqustun 7-dək davam edəcək Beynəlxalq yay universitetində müxtəlif ölkələrin tanınmış alimləri, Azərbaycanın müvafiq sahə üzrə aparıcı mütəxəssisləri tərəfindən təlimlər aparılacaq.

Beynəlxalq yay universiteti ilk dəfə 2013-cü ildə Türkiyənin İstanbul şəhərində, 2014-cü ildə Almaniyanın Berlin şəhərində, 2015-ci ildə isə Türkiyənin Kapadokiya bölgəsində təşkil edilib.

Beynəlxalq yay universiteti Azərbaycan və YUNESKO arasında əməkdaşlığın inkişafı və 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası tədbirləri çərçivəsində təşkil olunur.

Açılış mərasimindən sonra tədbir iştirakçıları Quba rayonuna yola salınıb.


7 il əvvəl