22.07.2016

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə start verildi

Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsinə başlanıb.

Namizədlərə ixtisaslarına uyğun olaraq ümumtəhsil məktəblərinin fənn proqramının məzmunu üzrə 40, metodika, təlim strategiyaları üzrə 10 və məntiq üzrə 10 sual olmaqla ümumilikdə 60 sualı cavablandırmaq üçün 90 dəqiqə vaxt verilib. 

Qeyd edək ki, vakant yerlərin seçimi test imtahanı nəticəsində zəruri keçid balını toplamış namizədlər tərəfindən aparılacaq.

Müsabiqədə iştirak etmək üçün müraciət edənlərdən 31.779 nəfərinin elektron ərizəsi təsdiq edilib.Hazırda respublikanın ümumtəhsil müəssisələrində olan 3346 vakansiya müsabiqəyə çıxarılıb.

Müsabiqədə iştirak üçün müraciət edənlər arasında ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimi olmaq istəyən namizədlər üstünlük təşkil edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında keçirilən imtahanlar avqustun 3-dək davam edəcək.


Açar sözlər: ,  ,