18.07.2016

Lənkəran və Qubada yay məktəbləri təşkil edilib

 “Azərbaycan üçün öyrət” təhsil proqramı çərçivəsində həyata keçirilən yay məktəbi layihəsi davam edir.

İyulun 13-dən start verilən layihə çərçivəsində Lənkəran və Quba şəhərlərində 100-dən çox şagirdin iştirakı ilə yay məktəbləri təşkil olunub.

Hər iki rayonda keçirilən yay məktəbinin açılış mərasimində Təhsil Nazirliyinin əməkdaşları, rayon təhsil şöbələrinin, tərəfdaş qurumların nümayəndələri, KİV təmsilçiləri iştirak edib. Tədbirdə layihə haqqında məktəblilərə məlumat verilib, proqramın şagirdlər üçün əhəmiyyətindən danışılıb.

Layihədə sözügedən bölgələrin akademik göstəriciləri zəif olan məktəblərin şagirdləri iştirak edib. Şagirdlər qruplar şəklində "Sağlam təhsil!", "Azərbaycan üçün oxu!", "Emosional zəka", "Özünə kömək et!", "Bisnesmənəm!", "Səndən nə asılıdır?" adlı təlimlərdə iştirak ediblər. "Mən bir aktyoram" sosial tamaşası və "Nə? Harada? Nə zaman?" intellektual oyunlarına qatılıblar.  

Şagirdlər təşkilatçılar tərəfindən hədiyyələr və sertifikatlarla təltif ediliblər.

Növbəti mərhələsi Gəncə və Şəkidə davam etdiriləcək layihə iyulun 21-də başa çatacaq.

Layihə Təhsil Nazirliyi, Kapital Bankın tərəfdaşlığı, “İstək” liseyi, “Şərq-Qərb” Nəşriyyat Evi, STEM təhsil mərkəzi, GR8 Şəxsi İnkişaf Proqramı, Azərbaycan İntellektual Klublar Assosiyasiyası, “YouthInc.” Gənclərin Sahibkarlıq Proqramı, SABAH qrupları, “Bir” Tələbə-könüllü proqramının dəstəyi ilə həyata keçirilir.

Layihənin rəsmi informasiya dəstəkçiləri Təhsil TVRegion TV-dir.

"Azərbaycan üçün öyrət" layihəsi ümumtəhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil platformasıdır. Proqramın məqsədi korporativ sosial məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır.


Açar sözlər: ,