14.07.2016

“Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı təqdimat mərasimi

İyulun 14-də “Məqsəd keyfiyyətdir: təhsilimiz təhlil müstəvisində” adlı hesabat tədbiri keçirilib.

Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəblərin rektorları, QHT təmsilçiləri və KİV nümayəndələri iştirak ediblər.

Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev təhsilin keyfiyyətinin yüksəldilməsi və əhatəliliyi ilə bağlı təqdimatla çıxış edib. Buraxılış imtahanlarının nəticələrinin ildən-ilə yaxşılaşdığını deyən E.Əmrullayev bildirib ki, 2012-ci il ilə müqayisədə bütün fənlərdən müsbət qiymət alanların  faiz göstəricisi 17 faiz artıb.

E.Əmrullayev qeyd edib ki, son 3 ildə IX sinif buraxılış imtahanlarında bütün fənlərdən müsbət qiymət alan məzunların sayı 14615 (30 faiz) nəfər artıb. Ölkə üzrə əksər rayonlarda müsbət dinamika müşahidə edilməklə yanaşı, ən yüksək dinamika Təhsil Nazirliyinin pilot qaydada inkişaf tədbirləri keçirildiyi rayonlarda qeydə alınıb. Pilot rayonlarda orta hesabla 13 faiz, digər rayonlarda isə orta hesabla 1.6 faiz yaxşılaşma olduğunu deyən  E.Əmrullayev  ən yüksək müsbət dinamikanın Astara (22 faiz), Ağcabədi (16 faiz), Sabirabad (14 faiz), Masallı (11 faiz) və Cəlilabad (9 faiz) rayonlarında müşahidə edildiyini bildirib.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxış edərək, təhsilin keyfiyyətinin artırılması istiqamətində görülən işlərin önəmini qeyd edib, aparılan islahatların artıq müsbət nəticələrinin müşahidə olunduğunu deyib. İ.Həbibbəyli bildirib ki, möhkəm bünövrə əsasında qoyulan bu ənənə müsbət dəyişikliklərin ardıcıl olacağına əminlik yaradır.

Təhsil naziri Mikayıl Cabbarov təhsil sahəsində islahatların həyata keçirilməsində pedaqoji və elmi ictimaiyyətin, cəmiyyətin birgə çalışmasını tələb etdiyini bildirib. Bu məqsədlə keçirilən hesabat xarakterli görüşün inkişafa mane olan problemlərin aradan qaldırılması istiqamətində mühüm rol oynayacağına əminliyini bildirib.

Mikayıl Cabbarov təhsil sahəsində görüləcək işlər, biliyin qiymətləndirilməsi və təhsilin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərə dair məlumat verib. Nazir qeyd edib ki, son 3 ildə ümumi təhsil pilləsində istər buraxılış, istərsə də ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrində davamlı müsbət dəyişikliklər müşahidə olunmaqdadır. Təhsilin  inkişafının ölkəmizin tərəqqisi baxımdan vacib amil olduğunu vurğulayan nazir, bunun üçün ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə inamını ifadə edib.

Çıxış edən millət vəkilləri, təhsil ekspertləri hesabat tədbirinin keçirilməsinin, təhsil sahəsində baş verən yeniliklər haqqında cəmiyyətin məlumatlandırılmasının vacibliyini bildiriblər.

Tədbirdə təhsillə bağlı təklif və tövsiyələr dinlənilib, mövcud problemlər və onların həlli yolları müzakirə olunub.


Açar sözlər: ,  ,