08.07.2016

“Sərhədsiz diplomatiya”layihəsinin iştirakçıları Yaponiyada səfərdə olub

“Dünya  uşaqların  gözü  ilə” proqramı çərçivəsində “Sərhədsiz  diplomatiya” (“World Wide Diplomacy“) uşaq  diplomatiyası  layihəsinin  iştirakçıları Yaponiyada səfərdə olublar. 

Səfərdə Bakı Avropa Liseyinin  şagirdləri  Cahangir Məmmədli, Səidə  Tağızadə  və Səmilə Tağızadə  iştirak edib.

Yaponiyanın “Tokio-Sinema”  kinokampaniyasının dəstəyi ilə təşkil edilən səfərin  məqsədi  məktəbliləri bu ölkənin mədəniyyəti adət-ənənələri ilə tanış etmək, WWD- nin  iştirakçıları ilə birlikdə film hazırlamaq olub.

Səfər çərçivəsində layihə  iştirakçıları öz həmyaşıdları ilə ünsiyyət  yaradaraq   bir-birlərinin həyat  tərzini  müzakirə edib,fərqli mədəniyyətlər, adət-ənənələrlə tanış olublar.

Gənc diplomatlar BMT-nin  Tokiodakı  Universitetində, eləcə də bir sıra ictimai təşkilatlarda keçirilən görüşlərdə iştirak ediblər.

Qeyd edək ki, “ADA” Universitetinin tərəfdaşlığı ilə Bakı  Avropa  Liseyində həyata keçirilən beynəlxalq layihənin əsas məqsədi gənc nəslin dünyada gedən qlobal proseslərə münasibət bildirməsini, beynəlxalq ictimaiyyəti maarifləndirməsini təmin etmək, yeniyetmələrin virtual  kommunikasiya bacarıqlarını artırmaqdan ibarətdir. 

Müəllim, psixoloq və valideynlərin iştirakı ilə təşkil edilən uşaq diplomatiyası layihəsi məktəblilərin öz yaşıdları, eləcə müxtəlif ölkələrin və mədəniyyətlərin nümayəndələri ilə vizual ünsiyyətə əsaslanır. Layihə virtual (dialoqlar, onlayn konfrans) şəbəkə şəklindədir.


Açar sözlər: ,