30.06.2016

ADNSU-da “eazi START” startap məktəbinin ilk buraxılış festivalı keçirilib

İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) yaradılmış “eazi START” Startap məktəbinin buraxılış festivalı keçirilib.

Festivalda Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Mikayıl Cabbarov, ali  təhsil müəssisələrinin rəhbərləri, İsrail və Ukraynadan olan mütəxəssislər iştirak ediblər.

ADNSU-nun rektoru Mustafa Babanlı çıxış edərək innovativ ideyalara söykənən Startap layihəsinin əhəmiyyətindən danışıb.

Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə startap məktəbin universitetdə yeni uğurların başlanğıcı olacağını bildirib.

Təhsil naziri Mikayıl Cabbarov layihənin məqsədləri və bütövlükdə təhsil sisteminə verə biləcəyi töhfələrdən danışıb.

Tədbirdə qeyd olunub ki, “eazi START” startap məktəbində ideya və prototip səviyyəsində 20-yə yaxın layihə mövcuddur. Bu layihələrin ən perspektivli və rentabelli olanlarının daxili və xarici sərmayələr hesabına reallaşdırılması nəzərdə tutulur.

Layihənin məqsədi Azərbaycanda startap hərəkatına töhfə vermək, gənclərin innovativ ideyalarının biznes həllini tapmasına dəstək verməkdir. Qurumun hədəflərinə yalnız Azərbaycan üçün deyil, həmçinin dünya səviyyəli layihə və məhsulları ortaya çıxarmaq da daxildir.

Festivalda 15 startap layihəsi təqdim olunub. Hər bir layihə müəllifi ayrı-ayrılıqda öz ideyalarının əhəmiyyətini qeyd edib. Daha sonra qonaqlar ADNSU-da fəaliyyətdə olan İnkubasiya və Azİİ-İT Club mərkəzləri ilə tanış olublar.


Açar sözlər: ,  ,  ,