22.06.2016

Turizm sahəsi üzrə təlimlərin iştirakçıları təltif edilib

İyunun 22-də 5 nömrəli Bakı Peşə Liseyində “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsinə dair praktik təcrübə proqramı” çərçivəsində təlimlərdə iştirak edən müəllim və şagirdlərə sertifikatların təqdimetmə mərasimi keçirilib.

Tədbirdə Təhsil Nazirliyinin, “British Council” və turizm sənayesi müəssisələrinin əməkdaşları iştirak ediblər.

Qeyd olunub ki, Təhsil Nazirliyi “British Council” və turizm sənayesi müəssisələri - Hilton HotelFairmont Hotel ilə birlikdə ilk peşə-ixtisas təhsili sahəsində pilot layihə həyata keçirib. Layihə çərçivəsində cari ilin may-iyun aylarında 45 nəfər şagirdin iştirakı ilə otelçilik, fəal istirahət, səyahət və turizmə dair təlimlər keçirilib.

Layihənin əsas məqsədi müvafiq sahə üzrə müəllimlərin potensialının artırılması, milli standartlara və kvalifikasiyalara uyğun kurikulumun hazırlanması və şagirdlər üçün iş üzrə təcrübə proqramının işəgötürənlərlə birgə həyata keçirilməsinə imkan yaratmadır. Habelə, ilk peşə-ixtisas təhsili müəssisələrində turizm sektoru üzrə ehtiyaclara uyğun və təcrübəyə əsaslanan proqramın yaradılması, məzunların məşğulluq imkanlarının artırılması da layihənin əsas hədəflərindəndir.

Təlimlərə Böyük Britaniyanın peşə təhsili üzrə təcrübəsindən yararlanaraq, təhsilin məzmunu və təlimlər üzrə ixtisaslaşmış “People 1st” təşkilatı dəvət edilib. Ekspert tərəfindən 12 müəllimə otelçilik, fəal istirahət, səyahət və turizm üzrə bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində təlimlər keçilib. Eyni zamanda, həmin müəllimlər tərəfindən tərtib olunmuş kurikuluma uyğun olaraq, şagirdlər üçün də təlimlər təşkil edilib.

Layihə çərçivəsində müsabiqə əsasında seçilmiş 45 şagird 5 nömrəli Bakı Peşə Liseyində 2 həftəlik nəzəri təlimlərdə və paytaxtdakı 5 ulduzlu Hilton Hotel və Fairmont Hotel mehmanxanalarında 6 həftəlik istehsalat təcrübəsində iştirak ediblər.  

Pilot layihənin davamı kimi növbəti tədris ilindən etibarən 3 ixtisasın kurikulumunun hazırlanması (oteldə konsiyerj, aşpaz, mehmanxanada təsərrüfat işləri üzrə nəzarətçi) və təhsil müddəti 1 il olan qruplarda kadr hazırlığının aparılması nəzərdə tutulur.

Sonda təlimdə iştirak etmiş məzunlara sertifikatlar təqdim olunub.


Açar sözlər: ,