13.06.2016

160 nömrəli Klassik Gimnaziyada “Son zəng” tədbiri keçirilib

İyunun 13-də Bakı şəhəri 160 nömrəli Klassik Gimnaziyada “Son zəng” tədbiri keçirilib. Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Səbail rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

“Son zəng” tədbiri dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının üç rəngli bayrağı və gimnaziyanın bayrağı  mərasim keçirilən əraziyə gətirilib.

Gimnaziyanin direktoru Faina Ələkbərova şagirdlərin yerli və beynəlxalq olimpiadalarda əldə etdikləri uğurlarından danışıb. F. Ələkbərova bildirib ki,  160 saylı Klassik Gimnaziyada 2300-dən artıq  şagird təhsil alır. Onlardan 130 nəfər bu il məzun adını qazanır.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov “Son zəng” münasibəti ilə məzunları təbrik edib, onlara gələcək həyatlarında uğur və nailiyyətlər arzulayıb.

Məzunların həyatında yeni mərhələnin açıldığını deyən Ceyhun Bayramov onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə atılan bütün addımlarda təmsil olunacaqlarına əminliyini vurğulayıb.

Mərasim gimnaziya şagirdlərinin hazırladıqları “Son zəng” ədəbi-bədii kompozisiya ilə davam etdirilib.

Sabail rayonu 160 nömrəli tam orta məktəb 1943-cü ildən fəaliyyət göstərir.Məktəbin binası 1908-ci ildə inşa edilib. 2006-ci ildən məktəb 160 nömrəli Klassik Gimnaziya – yüksək səviyyəli dövlət ümümtəhsil müəssisəsi kimi fəaliyyətini davam etdirir. Hazırda 69 sinifdə 30-a yaxın millətin nümayəndəsi olmaqla 2300-dən artıq şagird Azərbaycan və rus dillərində iki tam növbədə təhsil alır. 2008 və 2013-cü illərdə gimnaziya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə “İlin ən yaxşı ümümtəhsil məktəb” adına layiq görülüb.

Qeyd edək ki, Təhsil Nazirliyinin razılığı ilə paytaxtın bəzi ümumi təhsil məktəblərində "Son zəng" tədbiri iyunun 13-də keçirilir. Buna səbəb Bakı şəhərində keçiriləcək "Formula-1” Avropa Qran-prisi ilə əlaqədar  iyunun 14-dən etibarən Bakı Şəhər Halqasının keçdiyi küçələrdə nəqliyyatın hərəkətinin tamamilə məhdudlaşdırılmasıdır.

 


Açar sözlər: